Rusiya və ABŞ XİN rəhbərlərinin görüşündə nələrdən danışılıb?


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynada müharibənin dayandırılması üçün konstruktiv rol oynamağa hazırdır. Lakin onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün əvvəlki təkliflər kifayət etmir və yeni yanaşmalar tələb olunur.






Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.


Lavrov "Ankoric ruhundan" danışdı, Rubio yeni təkliflər tələb etdi


ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Filippində keçirilən ASEAN sammiti çərçivəsində görüşüblər. Təxminən 30-35 dəqiqə davam edən danışıqlarda Ukraynadakı müharibə və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.


Rusiya XİN-in məlumatına görə, Lavrov ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edib və Moskvanın münaqişənin siyasi-diplomatik yolla həllinə hazır olduğunu bildirib. O, həmçinin ötən il Alyaskada keçirilən görüşlərdə əldə olunan razılaşmaların "Ankoric ruhuna" sadiq qaldıqlarını qeyd edib.


"Sülh üçün yeni yanaşmalar lazımdır"


Rubio isə görüşdən sonra bildirib ki, ABŞ müharibənin başa çatmasını istəyir və bunun üçün mümkün olan bütün konstruktiv addımları atmağa hazırdır. "Biz sülh sazişi istəyirik. Bunun üçün həm Rusiya, həm də Ukraynanın qəbul edə biləcəyi razılaşma lazımdır. Lakin bu, bir görüşdə və ya mətbuat konfransında həll ediləcək məsələ deyil, uzun iş tələb edir", - deyə Rubio bildirib.


Onun sözlərinə görə, əvvəl müzakirə olunan təkliflər Ukrayna üçün qəbuledilməz olub və indi də eyni şəkildə qəbul olunmaya bilər. Dövlət katibi vurğulayıb ki, əgər sülh əldə olunacaqsa, bu, yeni ideyalar və yeni yanaşmalar hesabına mümkün olacaq.


Vaşinqton danışıqlarda rol oynamağa hazırdır


Rubio qeyd edib ki, ABŞ prezidenti Donald Tramp müharibənin başa çatmasına nail olmaqda israrlıdır və Vaşinqton bunun üçün imkan yaranarsa, təsirindən istifadə edəcək. O, əvvəlki diplomatik cəhdlərin nəticəsiz qaldığını, lakin vəziyyət dəyişərsə, ABŞ-ın yenidən prosesə qoşulmağa hazır olduğunu bildirib.


Rubio həmçinin Ukraynanın və Rusiyanın müharibə nəticəsində böyük itkilər verdiyini qeyd edib. Onun fikrincə, hər iki tərəfin münaqişəni dayandırmaq üçün motivasiyası olmalıdır və əsas məqsəd hər iki tərəfin qəbul edə biləcəyi həll yolu tapmaqdır.