ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio İrana qarşı sərt bəyanatlarla çıxış ediblər. Bu fonda Yaxın Şərqdə hərbi gərginlik daha da artıb.


Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.






Tramp və Rubio Tehrana xəbərdarlıq etdi


Donald Tramp bəyan edib ki, İran Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz aparat və ya başqa vasitə ilə hücum edərsə, ABŞ cavab olaraq İran ərazisində bir körpünü və ya elektrik stansiyasını məhv edəcək.


Dövlət katibi Marko Rubio isə Tehranın danışıqlara ciddi yanaşmadığını və əldə olunan razılaşmaları pozduğunu iddia edib. Onun sözlərinə görə, İran "çox ağır bədəl ödəyəcək" və ABŞ öz maraqlarını, eləcə də müttəfiqlərini qorumaq üçün bütün zəruri addımları atacaq.


Bölgədə hərbi hazırlıq güclənir


İranın son günlər İordaniya, Bəhreyn və Qətər istiqamətində raket və pilotsuz aparatlarla hücumlar həyata keçirdiyi bildirilir. İsraildə isə mümkün yeni zərbələr təhlükəsi səbəbindən bir sıra şəhərlərdə ictimai sığınacaqlar açılıb.


Məlumata görə, ABŞ Yaxın Şərqdə hərbi iştirakını daha da artırıb. Bölgəyə əlavə döyüş təyyarələri, hərbi gəmilər və digər qüvvələr göndərilib. Eyni zamanda, ABŞ ordusu İranın hərbi obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb.


Neft bahalaşdı, Tehran da hədələdi


Gərginlik fonunda dünya bazarında neftin qiyməti bir barel üçün 97 dollara yüksəlib. İran da ABŞ-ın hədələrinə cavab verərək bildirib ki, Vaşinqton ölkənin enerji və nəqliyyat infrastrukturuna zərbə endirərsə, Tehran ABŞ-ın regiondakı maraqlarına və enerji obyektlərinə cavab hücumları təşkil edəcək.