İranın əsas hərbi-siyasi gücü hesab olunan SEPAH-a yaxın mənbənin Ermənistan mətbuatına verdiyi açıqlamada Zəngəzur dəhlizinin mövcud şərtlərlə açılmasının mümkün olmadığı iddia edilir. 

Açıqlamada İranın regiondakı maraqları, dəhlizin hüquqi-siyasi statusu və Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı mesajlar da yer alır. Eyni zamanda, rəsmi Tehranın son illərdə sərgilədiyi mövqeyin dəyişmədiyi qənaəti də irəli sürülür.


Maraqlıdır, SEPAH-a yaxın mənbənin bu açıqlaması necə qiymətləndirilir? Bu, İranın Zəngəzur dəhlizi ilə bağlı rəsmi siyasətinin davamı kimi qəbul olunmalıdır, yoxsa daha çox siyasi mesaj xarakteri daşıyır?







Deputat qeyd edib ki, İranın SEPAH-a bağlı resurslarda Zəngəzur dəhlizinin mövcud şərtlərlə açılmasına qarşı nümayiş etdirdiyi sərt mövqe ilk baxışdan milli təhlükəsizlik və geosiyasi status-kvonun qorunması cəhdi kimi təqdim olunsa da, dərin hüquqi və geoiqtisadi təhlil bunun əks nəticə doğurduğunu göstərir:


 Aydındır ki, beynəlxalq hüququn suveren bərabərlik və regional inteqrasiya prinsipləri çərçivəsində regional nəqliyyat kommunikasiyalarının bərpası hər bir dövlətin tranzit potensialını artırmağa xidmət edir. Azərbaycanın təklif etdiyi konsepsiya da regional suverenliyi inkar etmir, əksinə Avrasiya məkanında kəsintisiz yükdaşımaları təmin edən praqmatik mexanizmdir.


Ancaq Tehranda mühafizəkar kəsimin prosesi tormozlamağa yönəlmiş ritorikası BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapan "qlobal açıqlıq və inkişafa yönəli qarşılıqlı asılılıq" prinsipləri ilə ziddiyyət təşkil edir. İran bu layihəni öz təsir dairəsinə təhdid kimi qiymətləndirib müqavimət göstərdikcə, Cənubi Qafqazda və daha geniş coğrafiyada formalaşan yeni geoiqtisadi reallıqlardan təcrid olunur. 


Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya uzanan Şərq-Qərb koridorunun artıq alternativlərə malik olduğu və dinamik şəkildə inkişaf etdiyi şəraitdə regional inteqrasiya təşəbbüslərinə konstruktiv töhfə vermək əvəzinə maneə yaratmaq strategiyası isə Zəngəzur dəhlizinin strateji əhəmiyyətini azaltmır, əksinə İranın özünü böyük tranzit şəbəkələrindən kənarda qoyaraq geoiqtisadi dalana dirəyir".


Pərvin Şakirqızı