"Tərəflər hədəflərinə çatmayınca ABŞ-İran qarşıdurmasında atəşkəs real görünmür..."
24 Jul 2026, 18:28 35 baxış 5 dəq oxuma
Akif Nağı: “Müşahidələr göstərir ki, nə ABŞ, nə də İran geri çəkilməyə hazırdır...”
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Moderator.az-a açıqlamasında bildirib ki, ABŞ-İran qarşıdurmasının əsasında tərəflərin strateji hədəfləri dayanır. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Bu məqsədlə İranın nüvə obyektlərinə zərbələr endirilir və eyni zamanda ölkədə ABŞ-yə uyğun siyasi rejimin formalaşdırılması hədəflənir. A.Nağı hesab edir ki, ABŞ bununla həm İranın enerji ehtiyatlarına nəzarət imkanlarını genişləndirmək, həm də Yaxın Şərqdə həyata keçirdiyi siyasəti İrana da tətbiq etmək istəyir. Onun dediyinə görə, Ağ Ev Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi ilə bağlı müqaviləni də bu məqsədlərə çatmağın yolunu asanlaşdırmaqdan, İrana bir mesaj verməkdən ötrü imzaladı.
Partiya sədrinin fikrincə, ABŞ qlobal liderliyini qorumağa çalışır və İran bu məqsədə çatmaq yolunda əsas maneələrdən biridir. O bildirib ki, tərəflər qarşıya qoyduqları hədəflərə nail olmadıqca atəşkəsdən danışmaq real görünmür.
Akif Nağı qeyd edib ki, İran nüvə proqramını davam etdirir və obyektlərini ən müasir silahların belə təsir imkanlarını azaltmaq üçün dərin yeraltı bunkerlərdə yerləşdirir. ABŞ isə bunun qarşısını almaq üçün yeni vasitələr axtarır. Onun sözlərinə görə, İranın nüvə dövlətinə çevrilməsi regionda qüvvələr balansını dəyişə və Hörmüz boğazına nəzarət imkanlarını artıraraq qlobal təhlükəsizliyə ciddi təsir göstərə bilər. Birləşmiş Ştatlar məhz bu prosesin qarşısını almaqla Hörmüzə də, bütövlükdə Yaxın Şərq regionuna da yalnız özü nəzarət etmək şəraitini yaratmağa səy göstərir.
Siyasi şərhçi bildirib ki, hazırda hərbi əməliyyatlar davam edir və müşahidələr ABŞ-nin resurslarının tükənmədiyini, İranın isə imkanlarının tədricən zəiflədiyini göstərir. O vurğulayıb ki, ABŞ-nin çoxsaylı müttəfiqləri olduğu halda, İranın açıq şəkildə yanında yer alan dövlət yoxdur. Çin və Rusiyanın dəstəyi əsasən simvolik xarakter daşıyır və onlar münaqişəyə birbaşa qoşulmurlar. İran isə daha çox “Hizbullah” və Yəməndəki husilər kimi müttəfiq şiə qüvvələrinə arxalanır. Lakin “Hizbullah”ın son hadisələrdən sonra əvvəlki gücünü itirdiyini düşünülür.
AzVP sədri qeyd edib ki, Bab əl-Məndəb və Hörmüz boğazlarının bağlanması dünya ticarəti və enerji daşımaları üçün ciddi problemlər yarada bilər. Bununla belə, belə addımlar həmin boğazlara nəzarət edən tərəflərin özlərinə(İran, Yəmən), d ağır iqtisadi zərər vuracağından bu variantın effektivliyi şübhəlidir. O, qeyd edib ki, Səudiyyə Ərəbistanı xüsusən Bab əl-Məndəb boğazının bağlanmasından əziyyət çəkə bilər. Və bu halda həmin ölkə boğazı bağlayan Yəmən husilərinə qarşı çox ciddi və genişmiqyaslı əməliyyata başlaya bilər ki, bu da husilərin varlığı üçün böyük problem yaranması demək olar.
Akif Nağının qənaətincə, hazırkı mərhələdə nə ABŞ, nə də İran geri çəkilməyə hazır görünür və bu da qarşıdurmanın davam edəcəyi və hətta genişmiqyaslı müharibəyə çevriləcəyi ehtimalını yetərincə yüksəldir.
Partiya sədri əlavə edib ki, ABŞ-də qarşıdan gələn aralıq seçkiləri və daxili siyasi proseslər Vaşinqtonun və birbaşa prezident Trampın qərarlarına müəyyən təsir göstərsə də, həlledici amil deyil. İranda isə hakimiyyət daxilində vəziyyət nisbətən sabit görünsə də, əslində müxtəlif qruplaşmalar arasında gizli-açıq gedən mübarizə, həmçinin ölkə daxilindəki ağır sosial-iqtisadi durum və bunun nəticəsində gözlənilən kütləvi etirazlar rejimin genişmiyaslı və həm də uzunmüddətli savaş aparmaq imkanlarını maksimum azaldır.