Azərbaycanın uzun illərdir ki, Ermənistanın mina terrorundan əziyyət çəkdiyi, yüzlərlə insanın mina partlayışı nəticəsində həlak olduğu və ya ağır xəsarətlər aldığı məlumdur. Bu gün də davam edən mina terroru insanlarla yanaşı, təbiətə də ciddi ziyan vurmaqda, nadir fauna növlərinin məhvinə səbəb olmaqdadır.
İlk baxışdan nə qədər qəribə görünsə də, Ermənistanın mina terroru fauna aləmini də məhv etməkdə, sıradan çıxarmaqdadır. Buna səbəb min hektarlarlla ərazinin minalarla çirklənməsi səbəbi ilə həmin ərazilərdə baş verən yanğınlar zamanı bu ərazilərə aktiv müdaxilə etməyin çətinliyidir. Yanğın zonasında minaların mövcudluğu yanğınsöndürənlərin bu ərazilərdə fəaliyyətini çətinləşdirir, onların həyatını risk altında qoyur. Nəticədə, yanğın olan minalanmış ərazilərdəki fauna növləri ilə yanaşı, flora nümunələri də sıradan çıxır. Buna nümunə olaraq 23-24 iyul 2026-cı il tarixində Ağdam rayonu ərazisində - keçmiş təmas xətti zonasında baş verən yanğınları göstərmək olar. Ağdamdakı yanğınların mina partlayışları ilə paralel müşahidə olunması onun söndürlməsini çətinləşdirir ki, bu da yanğınların yayılmasına, təbiətin bu yanğınlardan daha çox zərər görməsinə səbəb olur.
Ağdamdakı son yanğınlar bir daha sübut edir ki, Ermənistanın mina terroru insanlarla yanaşı, həm də təbiəti hədəf almaqda, ekologiyamızı məhv etməkdədir. Buna görə də dünyanın harasında baş verməsindən asılı olmayaraq, dünya dövlətləri, beynəlxalq ictimaiyyət mina terroruna qarşı birgə mübarizə aparmalı, bu məsələdə öz səylərini birləşdirməlidir. Yalnız belə olan təqdirdə mina terrorunun qarşısını almaq, həm insanlara, həm də təbiətə yönəlik qəsdi əngəlləmək mümkndür.
Seymur ƏLİYEV