Ukraynanın Rusiyanın dərin arxa cəbhəsinə endirdiyi zərbələr müharibədə əsas amillərdən birinə çevrilib. 


Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.






Nəşrin yazdığına görə, bu taktika həm Rusiyanın hərbi-logistika imkanlarını zəiflədirməyə, həm də müharibənin təsirlərini adi vətəndaşlara hiss etdirməyə hesablanıb.


Döyüş xətti dalana dirənib


Avstriyalı hərbi ekspert Markus Raysner bildirir ki, cəbhədə vəziyyət uzun müddətdir ciddi dəyişmir. Dronlar və müasir kəşfiyyat vasitələri böyük qoşun hərəkətlərini demək olar ki, mümkünsüz etdiyindən tərəflər həlledici irəliləyiş əldə edə bilmirlər. Bu səbəbdən Ukrayna enerji obyektləri, yanacaq bazaları, dəmir yolu qovşaqları, logistika mərkəzləri və Krımı təmin edən infrastruktur kimi hədəflərə uzaqmənzilli zərbələri gücləndirir.


Ekspert hesab edir ki, bu hücumlar Rusiyanın uzunmüddətli müharibə aparmaq imkanlarını tədricən məhdudlaşdırır. Onun fikrincə, əgər cəbhədə dönüş baş verməz və arxa cəbhəyə zərbələr davam edərsə, Moskva orta müddətli perspektivdə atəşkəsə razılaşmağa məcbur qala bilər.


Yeni hədəf - logistika mərkəzləri


"The Telegraph" yazır ki, Ukrayna son vaxtlar neft obyektləri ilə yanaşı, Rusiyanın ən böyük onlayn ticarət platforması olan "Wildberries"-in logistika mərkəzlərini də hədəfə alır. Nəşrin qiymətləndirməsinə görə, bu zərbələr təkcə iqtisadi zərər vurmaq deyil, həm də müharibənin artıq adi rusiyalıların gündəlik həyatına təsir etdiyini göstərmək məqsədi daşıyır.


Məqalədə qeyd olunur ki, hücumlar nəticəsində minlərlə sahibkar zərərə düşüb, bəzi logistika kompleksləri sıradan çıxıb və bu, onlayn ticarətə ciddi təsir göstərib. Ekspertlər hesab edir ki, müharibənin nəticələri gündəlik həyatda daha çox hiss olunduqca, Rusiyada ictimai narazılıq da arta bilər.