İran ABŞ-nin İraqın baş naziri Əli əz-Zeydinin vasitəçiliyi ilə göndərdiyi atəşkəs təklifini qəbul etməyib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nəşrin İran və İraq rəsmilərinə istinadən yazdığına görə, Tehran müvəqqəti razılaşmaya yalnız Hörmüz boğazının gələcək statusu ilə bağlı məsələlər həll olunacağı təqdirdə baxmağa hazırdır.
Gərginlik daha da artır
Nəşrin məlumatına görə, Vaşinqton və Tehran arasında diplomatik təmaslar davam etsə də, hərbi qarşıdurma da güclənir. ABŞ İran ərazisində hərbi obyektlərə zərbələri davam etdirir, Tehran isə buna cavab olaraq ABŞ-nin regiondakı bazalarına hücum etdiyini bildirir.
İran rəsmilərinin sözlərinə görə, ABŞ hücumları genişləndirərsə və ölkənin mühüm infrastrukturunu hədəfə alarsa, Tehran cavab olaraq İsrailə zərbələr endirə bilər. Bundan başqa, İranın Yəməndəki husilərdən Bab əl-Məndəb boğazında gəmiçiliyi məhdudlaşdırmağı istəyə biləcəyi də qeyd olunur.
Hörmüz boğazı əsas mübahisə mövzusu olaraq qalır
Məqalədə bildirilir ki, Tehran üçün əsas şərtlərdən biri Hörmüz boğazı ilə bağlı məsələnin həllidir. Eyni zamanda İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın dondurulmuş İran aktivlərindən mümkün kompensasiya məqsədilə istifadə olunması ideyasını təhlükəli presedent adlandırıb.
Nəşrin yazdığına görə, hazırda tərəflər arasında diplomatik kanallar tam bağlanmasa da, həm Vaşinqtonun, həm də Tehranın sərt bəyanatları yaxın vaxtlarda gərginliyin daha da artacağı ehtimalını gücləndirir.