“Görünür ki, aşıq Əlinin kimləsə problemi olub deyə bildirib ki, xanəndələr aşıq mahnıları oxumasın. Əli özü mənim sinfimdə oxuyub, xanəndəlikdə iştirak edib. Demirəm sinfimi bitirib, amma gəlib bəzi muğamları məndən öyrənib. Bu sözü deyəndə yəqin əsəbi olub. O dostumun oğludur, mənim əlimdə böyüyüb. Belə də ki, kim nə oxusa, aşıq Əli oxuduğunu Əli kimi oxuyur da. Mən aşıq Əlidən əvvəl “Şirvan şikəstəsi”ni Zabit Nəbizadə kimi oxumuşam, Əli gəlib oxuyanda artıq olur aşıq Əli kimi. Nə aidiyyatı var ki?. O özünə görə oxuyub, sən də özünə görə oxu”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə tanınmış aşıq Əli Tapdıqoğlunun sözlərinə qarşılıq olaraq deyib.

O daha sonra əlavə edib:
 
“Şirvan aşıqları qədimdə uzun müddət xanəndə olublar. Sonradan aşıqlığın sirlərini öyrəniblər. O vaxt bütün məsuliyyət aşıqların üzərində idi. Toyları aşıqla danışırdılar. Ona görə də hamı istəyirdi ki, Şakir kimi aşıq olsun. İndi yerindən qalxan aşıqlıq edir. Amma o vaxt gərək ustad adını qazanardın, dastan bilərdin, sonra aşıqlıq edərdin. O vaxt aşıqlıq etmək də hər adamın işi deyildi. Bir də gördün toyun içində adama qəfildən bir dastan dedilər ki.. Gərək dastanların hamısını biləsən. Azərbaycanda toylarda oxunan mahnıların əksəriyyəti Şirvan aşıq havalarıdır. Kimə qadağan edə bilərsən ki, qardaş oxuma?!”.
 
Qeyd edək ki, aşıq Əli bir müddət əvvəl açıqlamasında bunları bildirib:

"Gedirəm, görürəm estrada oxuyandır və ya muğam ifaçısı. Məclisdə bütün aşıq mahnılarını oxuyur, sonra sözü verir mənə. Bəs, mən nə oxuyum? Dəfələrlə Ədalət Şükürovla bir məclisə düşmüşük. Bizi görəndə deyib ki, aşıq mahnıları verməyin".