"Ukrayna dronları Rusiyanın hərbi iqtisadiyyatında yeni zəif nöqtə yaradıb" - "Financial Times"
25 Jul 2026, 12:18 34 baxış 3 dəq oxuma
"Wildberries" hədəfə çevrilib
Ukraynanın uzaqmənzilli dron zərbələri Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan "Wildberries"-i ölkənin hərbi iqtisadiyyatının zəif nöqtələrindən birinə çevirib.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr yazır ki, son bir həftədə şirkətin beş anbarı hücuma məruz qalıb. Nəticədə minlərlə satıcı böyük zərərə düşüb, şirkətin logistika sistemi isə ciddi problemlərlə üzləşib. Nəşrin qeyd etdiyi kimi, "Wildberries" təkcə "Amazon"un Rusiya analoqu olmağı deyil, gələcəkdə qlobal ödəniş sistemləri bazarında da iddialı oyunçuya çevrilməyi planlaşdırıb. Lakin Ukraynanın yeni zərbələri bu planları sual altına salıb.
Məqsəd iqtisadi təzyiqi artırmaqdır
Məqalədə bildirilir ki, Ukrayna son aylarda neft emalı zavodları, logistika mərkəzləri və digər mühüm obyektlərə zərbələri genişləndirərək Rusiyanın müharibə iqtisadiyyatına təzyiqi artırmağa çalışır. "Wildberries"-ə edilən hücumlar da bu strategiyanın tərkib hissəsi hesab olunur.
Ukrayna tərəfi hücumları Rusiyanın əvvəllər "Nova Poçta"nın anbarlarına endirdiyi zərbələrə cavab kimi əsaslandırır. Prezident Vladimir Zelenski isə bildirib ki, "Wildberries:-in logistika şəbəkəsindən Rusiya ordusunun ehtiyacları, o cümlədən dron komponentləri, naviqasiya avadanlığı və digər təchizatın daşınması üçün istifadə olunurdu. Kreml bu iddiaları rədd edir.
Zərərin miqyası böyüyür
Rusiyalı KİV-lərin məlumatına görə, ilk dörd zərbə nəticəsində "Wildberries"-in anbar sahələrinin təxminən 8 faizi sıradan çıxıb. Onların bərpasının şirkətə təxminən 36 milyard rubla başa gələ biləcəyi bildirilir. İlk hücum zamanı məhv edilən malların dəyərinin isə 150-235 milyard rubl olduğu təxmin edilir. Şirkət hücumlardan az əvvəl dron zərbələrini fors-major halı kimi tanıyaraq satıcılara kompensasiya öhdəliyini ləğv edib.
Sonradan "Wildberries" rəhbərliyi ən kiçik satıcılara ödəniş ediləcəyini açıqlasa da, bir çox sahibkar aldıqları məbləğin real zərəri ödəmədiyini bildirir. Analitiklərin fikrincə, bu vəziyyət təkcə şirkətə deyil, həm də Rusiyanın vergi gəlirlərinə və minlərlə kiçik biznesə ciddi mənfi təsir göstərə bilər.