"Hörmüz boğazının blokadası qlobal ekoloji fəlakətə səbəb ola bilər" - Alimlər xəbərdarlıq edir
25 Jul 2026, 13:45 37 baxış 2 dəq oxuma
Hörmüz boğazı təkcə neft və qaz yolu deyil, dünya iqtisadiyyatının əsas damarıdır. Son 5 aydır davam edən ABŞ-İran müharibəsinə görə boğaz blokadadır və dünya enerji böhranını müzakirə edir. Amma Merilend Universitetinin alimlərinin yeni araşdırması göstərir ki, bizi neftdən də böyük və gözəgörünməz bir təhlükə - qlobal ekoloji fəlakət gözləyir.
Moderator.az xəbər verir ki, bu barədə "The Times of İndia" nəşri yazıb.
1500 gəmi tələdə qalıb
Ekspertlərin hesablamasına görə, Fars körfəzində təxminən 1500, Oman körfəzində isə bir neçə yüz ticarət gəmisi 5 aydır lövbərdə dayanıb. "The Times Of India" yazır ki, bu boğazdan ildə 600 milyard dollarlıq enerji daşınır. Son günlərdə tankerlərin hərəkəti tamamilə dayanıb, keçməyə cəhd edən gəmilər isə qəzaya düşür.
Əsas təhlükə - "super-yayılma"
Alimlər bu vəziyyəti "super-yayılma" adlandırır. Səbəb bio-çirklənmədir - gəmilər uzun müddət dayandığı üçün gövdə və vintləri yosun, midiya, dəniz palamudu və qurdlarla örtülür. Ticarət bərpa olunanda bu gəmilər isti sulara məxsus canlıları Avropa, Asiya və Amerikanın limanlarına daşıyacaq. Bioloq Kerolin Tepolt deyir: "Bu invaziv növlər yeni ərazidə məskunlaşandan sonra onları məhv etmək demək olar ki, mümkün deyil".
Qiymət artımı və çıxış yolu
İndi körfəzdə gəmiləri təmizləmək üçün dalğıclar işləyir və bir gəminin təmizlənmə qiyməti 60 faiz artaraq 8 min dollara çatıb. Alimlərin həlli aydındır: gəmilər Fars körfəzindən çıxmamış təmizlənməli, limanlarda nəzarət gücləndirilməli və marşrutlar beynəlxalq səviyyədə izlənməlidir. Əks halda bu blokada qlobal biotəhlükəsizlik böhranına çevriləcək.