Gəminin sərnişini fəlakətdən bir neçə gün əvvəl göyərtədəki həyatı təsvir edib




 
1912-ci il aprelin 10-da, "Titanik" ilk səfərinə başladığı gün ikinci dərəcəli sərnişin Henri Hoces dostuna yazdığı məktubda gəmidə keçirdiyi vaxtdan böyük məmnunluqla bəhs edib. Dörd gün sonra isə dünyanın ən məşhur gəmi faciələrindən biri baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
"Titanik"də həyatın son görüntüləri
 
Britaniyanın "Henry Aldridge and Son" hərrac evinin məlumatına görə, 1912-ci il aprelin 10-da yazılan məktubda Hoces dostu Hektora gəmidə hər şeyin "möhtəşəm" olduğunu bildirib.
 
"İndiyə qədər gəminin hərəkət etdiyini hiss etmirəm, hava isə əladır", - deyə o yazıb.
 
Sərnişin göyərtədəki mənzərəni də təsvir edib: "Yuxarı göyərtədə 20 yaşdan yuxarı təxminən 200 gənc dairə vuraraq yürüş edir və mahnı oxuyur. Salonlarda sərnişinlər domino və kart oynayır, kimsə kitab oxuyur, kimsə yazı yazır. Dənizdə olduğumuzu təsəvvür etmək belə çətindir".
Lakin Hoces bu səfərdən sağ çıxmayıb.
 
Tarixin ən məşhur gəmi faciəsi

"Titanik" Şimali İrlandiyanın Belfast şəhərindən ilk səfərinə çıxanda dünyanın ən böyük sərnişin gəmisi idi və "batmaz gəmi" kimi tanınırdı. Lakin aprelin 14-də, səfərin dördüncü günü gəmi Şimali Atlantikdə aysberqlə toqquşub. Gəmi üç saatdan az müddətdə batıb. Təxminən 2220 nəfərin olduğu gəmidə hamı üçün kifayət qədər xilasetmə qayığı olmayıb. Faciə nəticəsində 1500-dən çox insan həlak olub və "Titanik"in batması tarixdə ən məşhur gəmi qəzasına çevrilib.
 
İkinci dərəcəli sərnişinlər haqqında nadir sənəd
 
Hərrac təşkilatçısı Endryu Oldric CNN-ə bildirib ki, Hocesin məktubu bir neçə səbəbə görə "müstəsna" hesab olunur. Əsas səbəblərdən biri ikinci dərəcəli sərnişinlərlə bağlı materialların çox az olmasıdır. "İnsanlar üçüncü dərəcəli sərnişinlər - yeni həyat qurmaq üçün yola çıxan miqrantlar haqqında da, birinci dərəcəli kabinələrdə səyahət edən zəngin insanlar haqqında da çox şey bilir. Amma ikinci dərəcəli sərnişinlər barədə o qədər də çox məlumat yoxdur", - deyə Oldric qeyd edib.
 
Onun sözlərinə görə, məktub "Titanik"də gündəlik həyatın necə olduğunu göstərir və bu baxımdan olduqca maraqlıdır. Sənəd əvvəllər heç vaxt satışa çıxarılmayıb və yeni tapıntı kimi qiymətləndirilir. Məktubun hərracda təxminən 35 min funt sterlinqə (47 min dollar) satılacağı gözlənilir. Hərracın ilkin mərhələsində ən yüksək təklif 26 min funt sterlinq təşkil edib.