“Əgər Uca Allah onsuz da insanların canını alırsa, niyə onları yaradır?…”- SUAL-CAVAB
25 Jul 2026, 17:30 34 baxış 3 dəq oxuma
“Necə ki, biçin zamanı qiymətli dən samandan ayrılır, ölüm də saleh bəndələri günahkarlardan ayırır…”
Hər bir insan nə vaxtsa özünə bu sualı verir: Əgər ölüm qaçılmazdırsa, bəs həyatın mənası nədir? Niyə insan dünyaya gəlir, sevir, çalışır, ümid edir, sonra isə bu dünyanı tərk edir? Bu sual əsrlər boyu bəşəriyyəti düşündürüb.
“İslam-Today” nəşrinin təqdim etdiyi İslam qaynaqlarında nəql olunan hikmətli bir rəvayət isə bu sualın dərin mənasını sadə, lakin təsirli bir nümunə ilə izah edir:
Rəvayətə görə, bir gün Həzrət Musa (ə) Uca Allaha belə bir sualla müraciət edir:
— Ey Rəbbim! Əgər insanların ömrü sonda ölümlə başa çatacaqsa, onları yaratmaqdakı hikmət nədir?
Allah-Təala bu suala dərhal sözlə cavab vermir. O, Həzrət Musaya (ə) buğda əkməyi əmr edir. Peyğəmbər Rəbbinin buyruğunu yerinə yetirir. Günlər keçir, sünbüllər yetişir, zəmilər qızılı rəngə boyanır. Məhsul biçilir və Həzrət Musa (ə) buğdanı döyərək dənini samandan ayırmağa başlayır.
Bu zaman Uca Allah buyurur:
— Ey Musa, nə edirsən?
Həzrət Musa (ə) cavab verir:
— Buğdanı biçmişəm. İndi onun dənini samandan ayırıram.
Allah-Təala buyurur:
— Sənin sualının cavabı da elə budur. Necə ki, biçin zamanı qiymətli dən samandan ayrılır, ölüm də saleh bəndələri günahkarlardan ayırır…
Bu hikmətli rəvayət insan ömrünün mahiyyətini açan dərin bir həqiqəti xatırladır. Dünya həyatı əbədi məkan deyil, imtahan meydanıdır. Burada insanın hər sözü, hər əməli və hər niyyəti dəyərləndirilir. Ölüm isə məhv olmaq deyil, ilahi ədalətin təcəlli etdiyi əbədi həyata keçid qapısıdır.
Bəlkə də insanın ən böyük yanılğısı ölümü son hesab etməsidir. Halbuki ilahi baxışda ölüm yalnız ayrılıqdır – haqq ilə batilin, yaxşı ilə pisin, saf dənlə dəyərsiz samanın ayrıldığı məqamdır.
Qurani-Kərimin "Əl-Mülk" surəsinin 1–2-ci ayələrində bu həqiqət belə ifadə olunur:
"Hakimiyyət əlində olan Allah nə qədər Ucadır! O, hər şeyə qadirdir. Hansınızın daha gözəl əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Mütləq Qüdrət Sahibidir, Bağışlayandır."
Bu ayələr bir daha göstərir ki, insanın yaradılışının məqsədi sadəcə yaşamaq deyil, gözəl əməl sahibi olmaqdır. Həyat imtahandır, ölüm isə həmin imtahanın nəticəsinin bəlli olduğu ilahi görüş anıdır...
Tərcümə və bədii əlavələrlə təqdim etdi:
Sultan Laçın