"Seriallara, filmlərə çəkilirəm. Bu öz yerində. Amma teatrda çalışmaq istərdim. Düzdür, heç vaxt müraciət etməmişəm. Bilirəm ki, müraciət etsəm də xeyri olmayacaq. Teatra işə tanış-bilişlə götürürlər. Hərə öz adamını çağırır, önə verir. Bu yazını oxuyanlar söhbətin nədən getdiyini anlayacaq. İstəmirəm ki, harasa müraciət edin və sözün yerə düşsün. Bu qürur deyil. Sözümün yerə düşməsi mənə yaraşmaz. Bir də teatrda işləsəm gərək hər gün-səhər-axşam işə gedim. Kiminsə əlinin altında işləmək mənlik deyil. İstəyirəm ki, sərbəst ölüm, öz işim olsun"


Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib.






O daha sonra teatr sənətçiləri ilə bağlı qalmaqallı açıqlamalar verib:


"Teatrda işləyib seriala çəkilsəydim də, heç vaxt teatr aktrisaları kimi pafosla oynamazdım. Niyə görə? Teatr aktrisası ilə film və serial sənətçisi arasında yerlə göy qədər fərq var. Teatr aktrisalarının hər biri rollarını pafosla oynayır. Pafosları adamı "öldürür". Onları da qınamıram. Məsafə uzaq olduğu üçün onlar bu hissiyatı tamaşaçıya ötürmək üçün mütləq uca səslə danışırlar. Burada da pafos yaranır. Film və serial tamaşa deyil ki, pafosla oynayasan. Bunu yaşamalısan.. Tamaşaçı izləsə özü də görəcək ki, onlar yaşamırlar, sadəcə rol oynayırlar. Burada hər şey təbii olmalıdır. Mən aktyorları tanımasam da onların pafosundan o dəqiqə bilirəm ki, bu teatrda çalışır ya yox? Yəqin ki, mənim sözümdən inciməyəcəklər. Çünki həqiqətləri deyirəm" deyə aktrisa bildirib.