Rusiya ordusu iyulun 26-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti kütləvi hava zərbəsi endirib.
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, hücum zamanı ballistik raketlər və müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə olunub. Ukrayna Hərbi Hava Qüvvələri raketlərin əksəriyyətinin məhv edildiyini açıqlayıb.
Məlumata görə, Rusiya Qara dəniz istiqamətindən X-59/69 idarəolunan raketi, 7 ədəd "İsgəndər-M"/S-400 tipli ballistik raket və ümumilikdə 136 pilotsuz uçuş aparatı buraxıb.
Ukrayna tərəfi 5 ballistik raketin, X-59/69 raketinin və 104 PUA-nın vurulduğunu və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyini bildirib. Bununla yanaşı, 2 ballistik raketin və 27 dronun hədəflərə çatdığı qeyd olunub.
Hücum nəticəsində Kiyevin Desnyanski, Şevçenkovski və Solomenski rayonlarında yanğınlar baş verib. Anbar, qeyri-yaşayış binaları və avtomobillər zərər görüb, yaşayış binasına raket qalıqları düşərək yanğına səbəb olub.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib, digər ikisinə isə ambulator yardım göstərilib.