Rusiya prezidenti Vladimir Putinin yaxın aylarda NATO ilə birbaşa qarşıdurmaya səbəb ola biləcək addımlar ata bilər. Bununla Moskva yeni Britaniya hökumətinin reaksiyasını yoxlamağa çalışa bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri Britaniya kəşfiyyatındakı mənbələrə istinadən yazıb.
Kreml yeni Britaniya hökumətini sınaqdan keçirmək istəyir
Mənbələrin sözlərinə görə, Kreml hesab edir ki, ABŞ prezidenti Donald Trampın diqqəti hazırda əsasən İrana yönəlib. Bu səbəbdən Putin vəziyyətdən istifadə edərək NATO-nun qətiyyətini yoxlamağa cəhd göstərə bilər.
Nəşr qeyd edir ki, Rusiya artıq kölgə neft tankerləri donanmasını La-Manş boğazı ətrafına yönəltməklə Britaniyaya təzyiq göstərməyə çalışır. Keçən ay həmin tankerlərdən biri Britaniya dəniz piyadaları tərəfindən saxlanılıb. Kəşfiyyat mənbələri isə bundan daha ciddi təxribatların baş verə biləcəyini istisna etmir.
Müharibənin gedişi Putini narahat edir
Məqalədə bildirilir ki, Putinin Ukraynadakı müharibənin gedişindən narazı qalması da riskləri artıran amillərdən biridir. Mənbələr hesab edir ki, Rusiya döyüş meydanında vəziyyəti dəyişə bilməsə, Kreml müharibəni uduzmaq təhlükəsi ilə üzləşə bilər. Bundan başqa, Britaniyada hökumət dəyişikliyinin Putini yeni baş nazir Endi Börnemin mövqeyini yoxlamağa sövq etdiyi vurğulanır.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq isə bəyan edib ki, London həm Ukraynaya qarşı, həm də Britaniya və NATO müttəfiqlərinə qarşı istənilən Rusiya təcavüzünə qətiyyətlə cavab verməyə hazırdır.
NATO qarşısında əsas problemlər
Məqalədə xatırladılır ki, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı Kristofer Kavoli daha əvvəl Qərb üçün əsas problemin silah istehsalını sürətlə artırmaq olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya müharibə ərzində 4 mindən çox əsas döyüş tankını itirsə də, Böyük Britaniyanın arsenalında təxminən 200, Fransada 220, Kanadada isə cəmi 74 tank var.
OSINT analitikləri isə bildirir ki, NATO ölkələrinin Rusiya ilə ümumi sərhədinin böyük hissəsi hələ də kifayət qədər qorunmur. Onların fikrincə, bu, siyasətçilərin Rusiyadan gələn təhlükə ilə bağlı sərt bəyanatlarına baxmayaraq, alyans üçün həllini gözləyən mühüm məsələlərdən biri olaraq qalır.