ABŞ ilə İran arasında hərbi gərginlik yeni mərhələyə keçə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr yazır ki, Tehran Hörmüz boğazı məsələsində güzəştə getməyə hazır olduğunu vasitəçilər vasitəsilə Vaşinqtona çatdırıb. Bunun fonunda ABŞ prezidenti Donald Trampın İrana növbəti zərbələri dayandırdığı bildirilir. Nəşr yazır ki, İran müharibə şəraitində ən təhlükəli ballistik raketlərindən biri sayılan "Heybər Şekan"ın imkanlarını təkmilləşdirməyə davam edir.
İran həm danışıqlara, həm də hərbi hazırlığa üstünlük verir
ABŞ və Yaxın Şərq mediasının İran, Oman və ABŞ-dakı mənbələrə istinadən yazdığına görə, Tehran Omanın vasitəçiliyi ilə Vaşinqtona mesaj göndərərək Hörmüz boğazında gəmilərin hərəkətinə mane olmayacağını və bunun müqabilində bombardmanların dayandırılmasını istədiyini çatdırıb.
Bununla yanaşı, nəşrin məlumatına əsasən, İran İnqilab Keşikçiləri Korpusu "Heybər Şekan" ballistik raketini təkmilləşdirməyi davam etdirir. Nəşrin yazdığına görə, bu raket uçuşun son mərhələsində manevr edə bildiyi üçün hava hücumundan müdafiə sistemlərini aldatmaq imkanına malikdir və ABŞ onu İranın ən təhlükəli silahlarından biri hesab edir.
Vaşinqton ehtiyatlı davranır
Məlumata görə, Tramp həmin gecə planlaşdırılan növbəti raket və aviazərbələri ləğv edib. Hazırda Vaşinqtda İranın təklifinin ciddi olub-olmaması və danışıqlara yenidən şans verilib-verilməyəcəyi müzakirə olunur. Mənbələrin sözlərinə görə, ABŞ ordusu zərbələri istənilən vaxt bərpa etməyə hazırdır. Lakin Tramp hələlik hərbi əməliyyatları genişləndirmək əvəzinə diplomatik səylərə üstünlük verir və İranla danışıqlar üçün əlavə vaxt ayrılmasını istəyir.
Təzyiq davam edir
ABŞ rəsmiləri hesab edir ki, İran həm diplomatik kanalları açıq saxlamağa, həm də raket arsenalını gücləndirməyə çalışır. Vaşinqton isə Tehranın yalnız bəyanatlarla kifayətlənməyəcəyini, real addımlar atacağı təqdirdə təzyiq siyasətinə yenidən baxa biləcəyini bildirir. Bu səbəbdən yaxın günlərdə həm danışıqların, həm də hərbi vəziyyətin necə inkişaf edəcəyi əsas diqqət mərkəzində olacaq.