"İtirdiyimiz bazarlara Azərbaycan sürətlə daxil olur..."
"Son ictimai fəaliyyətimin əsas mesajları daxili həmrəylik, iqtisadiyyatın "Rusiyapərəst" və "Qərbpərəst" iki yerə bölünməsinin yolverilməzliyi və partiyalararası əməkdaşlığa ehtiyac olub..."
Ermənistanda Rusiyaya yaxınlığı, revanşist baxışları və iri biznes imperiyası ilə tanınan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Tsarukyan növbəti dəfə Azərbaycandan danışıb. Hazırda Kentron penitensiar müəssisəsində saxlanılan oliqarx həbsxanadan yaydığı müraciətdə Azərbaycanın Ermənistanın tərk etdiyi bazarlarda sürətlə möhkəmləndiyini etiraf edərək bunun erməni iqtisadiyyatı üçün ciddi təhlükə yaratdığını bildirib.
Moderator.az-ın News.am-a istinadla verdiyi xəbərə görə, Tsarukyan əvvəlcə son ictimai çıxışlarının əsas məzmununa toxunaraq ölkədə siyasi və iqtisadi parçalanmanın yolverilməz olduğunu bildirib.
"Son ictimai fəaliyyətimin əsas mesajları daxili həmrəylik, iqtisadiyyatın "Rusiyapərəst" və "Qərbpərəst" iki yerə bölünməsinin yolverilməzliyi və partiyalararası əməkdaşlığa ehtiyac olub, çünki heç bir siyasi qüvvə belə çətin vəziyyətdə Ermənistan üçün ən yaxşı həll yollarını təkbaşına tapa bilməz", – deyə o vurğulayıb.
Daha sonra Tsarukyan Azərbaycanın iqtisadi fəallığından narahatlığını gizlətməyərək bildirib ki, Ermənistanın müxtəlif səbəblərdən geri çəkildiyi bazarları Azərbaycan sürətlə ələ keçirir və bu proses yaxın gələcəkdə erməni biznesi üçün ağır nəticələr doğura bilər.
"Əvvəlki mesajlarımdan birində qeyd etmişdim ki, Azərbaycan intensiv şəkildə çıxdığımız bazarlara daxil olur. Ənənəvi bazarları itirdikdən sonra köhnə mövqelərə qayıtmaq olduqca çətin, bəzi hallarda isə sadəcə mümkün olmayacaq. Real həyatda yaşayanlar və işləyənlər bunu çox yaxşı bilirlər. Ofislərdə yaşayanlar bunu təsəvvür edə bilməzlər.
Əgər bu gün addımlar atmasaq, sabah yeni sektorlar üçün problemlər yaranacaq. Və addımlar var və hər şey edilməlidir ki, erməni iş adamı, erməni fəhlə, erməni kəndli geri dönməz itkilərlə üzləşməsin. Təəssüf ki, indi konkret addımlarla kömək edə bilmərəm, amma sizi əmin edirəm ki, addımlar, imkanlar var. Bizneslər, iş yerləri illər ərzində qurulur, lakin onlar cəmi bir neçə həftə ərzində məhv edilə bilər", – deyə Tsarukyan bildirib.
Qeyd edək ki, Tsarukyan son illər Azərbaycana dair oxşar məzmunlu açıqlamalarla dəfələrlə gündəmə gəlib. O, əvvəlki çıxışlarında da Ermənistanın xarici bazarlardakı mövqelərini itirdiyini, boşalan iqtisadi nişləri Azərbaycanın sürətlə doldurduğunu etiraf edib. Rusiyapərəst siyasətçi bir neçə dəfə rəsmi İrəvanı iqtisadi passivlikdə günahlandıraraq, Azərbaycanın regional iqtisadi layihələrdə və ixrac bazarlarında mövqeyini durmadan gücləndirdiyini, Ermənistanın isə bu rəqabətdə geri qaldığını bildirib.
Tsarukyanın son bəyanatı da faktiki olaraq Azərbaycanın regionda iqtisadi imkanlarını genişləndirdiyini və Ermənistanın itirdiyi mövqelərin geri qaytarılmasının getdikcə daha çətinləşdiyini növbəti dəfə etiraf etməsi kimi qiymətləndirilir.
S.Laçın