Ukrayna və ABŞ Rusiya ilə sülh danışıqlarını yenidən canlandırmaq məqsədilə yeni təşəbbüs üzərində işləyir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yeni sülh təşəbbüsü hazırlanır
Nəşrin ukraynalı mənbəyə istinadən yaydığı məlumata görə, tərəflər Moskvaya təqdim olunması planlaşdırılan yeni təklif paketini müzakirə ediblər. Mənbənin sözlərinə görə, təklifin əsas elementlərindən biri hava zərbələrinin qarşılıqlı şəkildə dayandırılmasıdır. Məlumatda deyilir ki, Ukrayna daha əvvəl də Rusiya prezidenti Vladimir Putinə atəşkəslə bağlı təkliflər göndərib, lakin həmin təşəbbüslər Moskva tərəfindən qəbul edilməyib.
Agentliyin həmsöhbəti qeyd edib ki, bəzi rəsmilər Ukraynanın dron və raket zərbələri nəticəsində Rusiya iqtisadiyyatına artan təzyiqin Kremlin mövqeyini yumşalda və onu danışıqlara daha açıq edə biləcəyini düşünür. Onların fikrincə, iqtisadi itkilərin artması Moskvanı kompromisə yaxınlaşdıra bilər.
Kremlin reaksiyası
Kremlin sözçüsü Dmitri Peskov yayılan xəbərləri şərh edərkən bildirib ki, hazırda bunlar yalnız mətbuatda yer alan məlumatlardır və onların doğruluğunu qiymətləndirmək tezdir. Onun sözlərinə görə, Moskva ABŞ nümayəndələri ilə dialoq kanallarını qoruyub saxlayır. Peskov əlavə edib ki, Rusiya hər hansı yeni sülh təşəbbüsünü yalnız ölkənin maraqlarına uyğun olduğu təqdirdə nəzərdən keçirəcək. O bildirib ki, təkliflərin mahiyyəti aydınlaşdıqdan sonra Kreml onlara münasibət bildirəcək.
Putin əvvəlki mövqeyini təkrarladı
Bu arada Rusiya prezidenti Vladimir Putin yenidən Rusiyanın guya "müharibəyə başlamadığını" iddia edib. O bildirib ki, Moskva Qərbin dəstəyi ilə Ukraynanın başladığını iddia etdiyi hərbi əməliyyatlara cavab verir. Putin müharibənin gec-tez başa çatacağını və Rusiyanın qalib gələcəyinə inandığını söyləyib. O, həmçinin Ukrayna və Qərb barədə əvvəlki ittihamlarını təkrarlayaraq, Rusiyanın öz məqsədlərinə çatacağını bəyan edib.