İsrail və ABŞ illərlə İran hakimiyyətini dəyişdirmək və onun nüvə proqramını dayandırmaq üçün hazırlıq aparsalar da, bu məqsədlərə nail ola bilməyiblər.


Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri yazıb.






Hərbi uğur siyasi nəticə vermədi


Nəşrin yazdığına görə, İsrail və ABŞ İslam Respublikasının rəhbərliyinə ciddi zərbələr endirsə də, siyasi sistemi dəyişə bilməyib. Əksinə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) daha da güclənib. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Çak Freylix hesab edir ki, əsas səhv hərbi uğurun siyasi dəyişiklik yaradacağına inanmaq olub.


"Elə bil ki, hakimiyyət dəyişdi, amma əsl dəyişiklik baş vermədi. Hakimiyyət SEPAH-a keçdi və onun rəhbərliyi əvvəlkilərdən daha sərtdir", - deyə Freylix bildirib. Onun sözlərinə görə, İsrail ordusu və "Mossad" rəhbərliyi sıradan çıxara bilir, lakin bununla yeni siyasi sistem qurmaq mümkün deyil.


İranla qarşıdurma Hörmüz boğazına keçdi


Freylixin fikrincə, Tehran artıq İsraillə müharibəni genişləndirmək istəmir, çünki bu, ABŞ-ın münaqişəyə daha fəal qoşulmasına səbəb ola bilər. Hazırda qarşıdurmanın əsas mərkəzi Hörmüz boğazıdır. Buradan keçən gəmilərin sayı gündə 120-140-dan 30-40-a düşüb, müharibə risklərinə görə sığorta xərcləri isə kəskin artıb. Beləliklə, mübarizə artıq hakimiyyət dəyişikliyindən çox, enerji marşrutlarına nəzarət uğrunda gedir.


Hakimiyyət dəyişikliyi planı niyə uğursuz oldu?


İsrail mediasının məlumatına görə, ABŞ və İsrail İran hakimiyyətini dəyişmək üçün uzunmüddətli plan hazırlayıb və keçmiş prezident Mahmud Əhmədinejadı mümkün alternativ lider kimi nəzərdən keçirib. Freylix belə planın mövcud olduğunu təsdiqləsə də, onun tez iflasa uğradığını bildirib. Onun sözlərinə görə, əsas problem mövcud hakimiyyəti əvəz edə biləcək güclü siyasi qüvvənin olmaması idi. Kürd müxalifətindən də gözləntilər özünü doğrultmayıb.


İran sistemini liderləri aradan götürməklə dağıtmaq mümkün deyil


Sasseks Universitetinin tədqiqatçısı Kamran Mətin hesab edir ki, ABŞ və İsrail İranı yanlış qiymətləndirib. Onun sözlərinə görə, ölkədə hakimiyyət yalnız ali liderdən ibarət deyil və real güc mərkəzlərindən biri SEPAH-dır.


Ekspertlər bildirir ki, güclü müxalifətin olmaması da hakimiyyət dəyişikliyi planını iflasa uğradıb. Freylixin fikrincə, İsrail və ABŞ üçün yaranan tarixi fürsət əldən verilib. Nəticədə Avropa üçün bu müharibə hakimiyyət dəyişikliyi ilə deyil, Hörmüz boğazı və enerji marşrutları uğrunda uzunmüddətli qarşıdurma ilə yadda qala bilər.