Multikulturalizm siyasəti Qərb ölkələrinin təhlükəsizliyini zəiflədir


ABŞ və Böyük Britaniya uzun illər həyata keçirilən multikulturalizm siyasəti nəticəsində daxildən artan təhlükələrlə üzləşib.






Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "American Thinker" nəşri yazıb.


Qərbdə daxili təhlükə artır


Müəllif iddia edir ki, hakimiyyət illər boyu vətənpərvər qüvvələri gözdən salıb, tolerantlıq və açıq sərhədlər siyasətini təşviq edib. Məqalədə ABŞ və Böyük Britaniyada baş vermiş bir sıra cinayət və zorakılıq hadisələri sadalanaraq bunun ölkələrin daxili təhlükəsizliyinə mənfi təsir göstərdiyi vurğulanır. Nəşrin fikrincə, hakimiyyət miqrasiya siyasətinə görə öz vətəndaşlarının maraqlarını ikinci plana keçirib və bu, cəmiyyətdə narazılığı artırır.


"Vətəndaşlar belə hökumətlər uğrunda döyüşmək istəmir"


Məqalədə bildirilir ki, hakimiyyət uzun müddət vətənpərvərləri "irqçi", "şovinist" və ya "millətçi" kimi təqdim edib. Müəllif hesab edir ki, nəticədə bir çox insan öz ölkəsini müdafiə etmək istəyini itirib. Nəşrdə həmçinin iddia olunur ki, Böyük Britaniya və ABŞ-də yaşayan bəzi insanlar artıq xarici təhlükədən daha çox daxili problemlərdən narahatdır və hökumətlərin miqrasiya siyasətini sərt tənqid edirlər.


Miqrasiya siyasəti sərt tənqid olunur


Müəllif hesab edir ki, kütləvi miqrasiya əmək bazarına və mənzil qiymətlərinə mənfi təsir göstərib, eyni zamanda siyasi elitaların maraqlarına xidmət edib. Məqalənin sonunda vurğulanır ki, əgər hökumətlər öz vətəndaşlarını gözdən salmağa davam etsələr, gələcəkdə onların cəmiyyətin dəstəyini qazanması daha da çətin olacaq. Nəşrin fikrincə, bir çox insan artıq xaricdəki münaqişələrdən daha çox öz ölkəsindəki problemləri əsas təhlükə hesab edir.