Müğənni səhhəti ilə bağlı ilk dəfə açıqlama verib
Rus estradasının məşhur müğənnisi Alla Puqaçova Latviyanın Yurmalada keçirilən "Layma. Randevu. Yurmalа" festivalının bağlanış mərasimində əsası ilə görünüb və bir neçə ay əvvəl yaşadığı ağır travmadan danışıb.
Moderator.az xəbər verir ki, bu barədə "spletnik.ru" nəşri yazıb.
Ağır zədə və uzun bərpa prosesi
Puqaçovanın sözlərinə görə, o yıxılıb, ayağını sındırıb və bud-çanaq oynağından ciddi zədə alıb. Bundan sonra dörd ay ərzində demək olar ki, hərəkətsiz qalıb. "Doğrudan da düşünmürdüm ki, ümumiyyətlə ayağa qalxacağam. Məndə panik ataklar yaranmışdı, çox ağır vəziyyətdə idim. Mənə dedilər ki, hətta altı ay yataqda qala bilərəm", - deyə müğənni bildirib. Onun sözlərinə görə, bu dövrü keçmək üçün psixoloqla işləməli olub. Müstəqil həyata öyrəşən sənətçi uzun müddət başqalarından asılı vəziyyətdə qalmaqla barışmaqda çətinlik çəkib.
"Əvvəl əsayla, sonra əsasız yeriməyə başladım"
Puqaçova bildirib ki, iradəsi hesabına yenidən yeriməyə başlayıb. "Mən həqiqətən bütün bunları çox ağır keçirdim. Özümü toparladım və yeriməyə başladım. Əvvəl əsayla, sonra əsasız. İndi əsanı yalnız özümü daha inamlı hiss etmək lazım olanda götürürəm, xüsusilə də ətrafda çox insan olanda", - deyə müğənni bildirib. O, zarafatla travmadan sonrakı ilk günlərdə necə hərəkət etdiyini də göstərib. Sənətçi iki əsaya söykənərək, əyilmiş vəziyyətdə və diqqətlə ayaqlarının altına baxaraq yeridiyini xatırladıb.
Puqaçovanın səhhəti ilə bağlı şayiələrə cavab
Puqaçovanın ağır bərpa dövrü yaşadığı vaxt həyat yoldaşı Maksim Qalkin xarici görünüşündə dəyişiklik edib. O, sosial şəbəkələrdə yeni görünüşünü paylaşsa da, həyat yoldaşının keçirdiyi çətinliklər barədə geniş danışmayıb. Qalkin isə Puqaçovanın ürək əməliyyatı keçirməsi və ya başqa ağır xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Müğənninin özü də bildirib ki, hazırkı problemlərinin səbəbi məhz aldığı travmadır.
Alla Puqaçova 2022-ci ildə ailəsi ilə birlikdə Rusiyanı tərk edib. Bundan sonra o, İsraildə, Latviyada yaşayıb, daha sonra Kiprə köçüb. Sənətçi Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməyib və bu səbəbdən Rusiya mediasında onun haqqında müxtəlif xəbərlər yayılıb.