"Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır".
 




Moderator.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Mariya Zaxarovanın fikirlərini şərh edərkən deyib.
 
Onun sözlərinə görə, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb:
 
"Bu səbəbdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır".
 
XİN sözçüsü əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub:
 
"Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır".
 

Qeyd edək ki, iyulun 27-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxış edərkən bildirib: "Ermənistanla bağlı bir hadisə var idi, o deyirdi: "Gəlin KTMT mexanizmini işə salaq". Əslində isə - kimə və nəyə münasibətdə? Ermənistanın özünün nə öz ərazisi, nə də müstəqil kimi tanımadığı o əraziyə, Qarabağa. Belə şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizminin istifadəsi qeyri-mümkün idi".