Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə baş verən zəlzələ Kumamoto prefekturasında ciddi dağıntılara səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri məlumat yayıb.
İlkin məlumata görə, onlarla insan xəsarət alıb, yaşayış evləri və infrastruktur obyektləri dağılıb, yanğınlar baş verib. Yerli KİV-lər çoxsaylı ölənlərin ola biləcəyini yazsa da, bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Dağıntılar və xilasedici əməliyyatlar
Zəlzələnin episentri Küsü adasında, Kumamoto bölgəsində təxminən 10 kilometr dərinlikdə yerləşib. Ən ağır vəziyyət Kaşima şəhərində qeydə alınıb. Burada ticarət mərkəzinin ikinci mərtəbəsi çöküb və çox sayda insan dağıntılar altında qalıb. Yatsuşiro şəhəri yaxınlığında isə azı 12 yaşayış evi tamamilə dağılıb.
Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilsə də, bir müddət sonra xəbərdarlıq ləğv olunub. Bununla belə, bəzi ərazilərdə zəlzələnin intensivliyi Yaponiya seysmik şkalası üzrə maksimum - 7-ci səviyyəyə çatıb. Yerli televiziya kanallarının yayımladığı görüntülərdə dağılan körpülər, zədələnmiş binalar və relsdən çıxaraq aşan yük qatarı vaqonları əks olunub.
45 min obyekt işıqsız qaldı
Baş nazir Sanae Takaiti bildirib ki, zəlzələ nəticəsində elektrik təchizatında fasilələr yaranıb, yollar və körpülər zədələnib, bəzi ərazilərdə yanğınlar baş verib. Təxminən 45 min ev və müəssisə elektriksiz qalıb, telefon rabitəsində də problemlər müşahidə olunur.
Hakimiyyət orqanları atom elektrik stansiyalarının fəaliyyətində hər hansı nasazlıq qeydə alınmadığını açıqlayıb. Bölgədə fəaliyyət göstərən reaktorlar normal iş rejimini davam etdirir. Kumamotoda yarımkeçirici zavodu yerləşən TSMC şirkəti isə ehtiyat tədbiri olaraq əməkdaşlarını təxliyə edib.
Yaponiya seysmik risk zonasındadır
Şahidlərin sözlərinə görə, təkanlar o qədər güclü və uzunmüddətli olub ki, ayaq üstə dayanmaq mümkün olmayıb. İnsanlar binaların uçacağından ehtiyat edərək küçələrə qaçıblar. Yaponiya dünyanın ən seysmik fəal ölkələrindən biridir və planetdə qeydə alınan zəlzələlərin təxminən 18 faizi bu ölkənin payına düşür.
Kumamoto prefekturası 2016-cı ildə də güclü zəlzələdən zərər görmüş, həmin vaxt 273 nəfər həlak olmuş, 2800-dən çox insan yaralanmışdı. Son onilliklərin ən ağır təbii fəlakəti isə 2011-ci ildə baş vermiş zəlzələ və sunami olub. Həmin hadisə nəticəsində təxminən 18,5 min nəfər həlak olub və ya itkin düşüb, "Fukusima" AES-də böyük nüvə qəzası yaşanıb.