"Airbus" və tərəfdaşları kommersiya təyyarələri üçün hibrid-elektrik arxitekturasının yaradılmasına yönəlmiş LEIA layihəsinə başlayıblar. Bu texnologiya yaxın illərdə aviasiyada yanacaq sərfiyyatının və atmosfer tullantılarının azaldılmasında mühüm rol oynaya bilər.


Moderator.az xəbər verir ki, bu barədə "gardian.com" nəşri məlumat yayıb.






Gələcəyin təyyarələri üçün yeni enerji arxitekturası


Məlumatda deyilir ki, 2026-cı ildə Böyük Britaniyada keçirilən Beynəlxalq Aviasiya Sərgisində təqdim olunan layihə yeni mühərriklərin hazırlanmasına deyil, gələcəyin sərnişin təyyarələrində enerjinin idarə olunması və paylanması sisteminin yaradılmasına yönəlib.


LEIA layihəsində Avropa və ABŞ şirkətləri, eləcə də tədqiqat mərkəzləri iştirak edir. "Airbus AVL", "Collins Aerospace", "Fraunhofer-Gesellschaft", "Liebherr Aerospace", "Safran" və SAFT kimi tərəfdaşlarla birlikdə yüksək gərginlikli enerjinin istehsalı və paylanması texnologiyalarını inkişaf etdirir.


Laboratoriya sınaqlarından real təyyarələrə


Layihənin əsas məqsədi elektrik mühərrikləri, generatorlar, elektron idarəetmə sistemləri və enerji paylama avadanlıqlarını sənaye istifadəsinə hazır vəziyyətə gətirməkdir. Bununla yanaşı, yeni texnologiyaların gələcək sertifikatlaşdırılması və kütləvi tətbiqi də nəzərdə tutulur.


"Airbus LEIA" layihəsində daha əvvəl həyata keçirilən SWITCH proqramının təcrübəsindən istifadə edir. Həmin proqram çərçivəsində "Collins Aerospace, Pratt & Whitney" və digər şirkətlərlə birlikdə hibrid güc sistemləri araşdırılıb.


Hazırda yeni texnologiyalar Almaniyanın Ottobrunn şəhərində yerləşən "Airbus" laboratoriyasında sınaqdan keçirilir. Mühəndislər burada batareyaların, enerji idarəetmə sistemlərinin və digər komponentlərin qarşılıqlı fəaliyyətini yoxlayırlar.


Aviasiyanın gələcəyi üçün yeni mərhələ


LEIA layihəsi uğurla həyata keçirilərsə, təyyarələrin konstruksiyasını dəyişmədən enerji istifadəsinin səmərəliliyini artırmaq mümkün olacaq. Bu, mühərriklərə düşən yükü azaltmağa, yanacağa qənaət etməyə və emissiyaları aşağı salmağa imkan verə bilər.


"Airbus" texnologiyanın 2027-ci ilə qədər TRL5 səviyyəsinə çatdırılmasını planlaşdırır. Daha sonra sertifikatlaşdırma mərhələlərinin tamamlanması və yeni sistemlərin seriya istehsalı olan sərnişin təyyarələrində tətbiqi nəzərdə tutulur. Əvvəllər "Airbus" hibrid-elektrik mühərrik texnologiyaları üzərində çalışsa da, LEIA layihəsi əsas diqqəti təyyarənin bütöv enerji arxitekturasına yönəldir. 


Bu yanaşma gələcəkdə aviasiyada yeni standartlara çevrilə bilər. Hibrid sistemlər yanacaq sərfiyyatını azaltmaq, bort sistemlərinin etibarlılığını artırmaq və aviasiyanın daha ekoloji istiqamətdə inkişafını sürətləndirmək potensialına malikdir.