FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının yekunları ilə bağlı açıq məktub və paylaşım edərək turnirə yönələn tənqidlərə cavab verib.


Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.






"Futbol siyasətdən üstün tutulmalıdır"


İnfantino bildirib ki, futbol siyasət deyil, birlik və sülhdür. Onun əsas məqsədi siyasi qarşıdurmaları dərinləşdirmək yox, insanları və ölkələri bir araya gətirməkdir. O, əlavə edib ki, turnir zamanı yaranan mübahisələr bu məqsədi kölgədə qoymamalıdır.


Onun sözlərinə görə, FİFA turnir zamanı ABŞ ilə İran arasındakı gərginlik, Konqo Demokratik Respublikasında Ebola təhlükəsi və Haitidəki qeyri-sabit vəziyyət kimi ciddi problemlərin öhdəsindən gəlib. O vurğulayıb ki, İran millisinin ABŞ-yə maneəsiz səfəri və azarkeşlərin komandaya dəstəyi futbolun birləşdirici gücünü nümayiş etdirib.


Tənqidlərə cavab və qalmaqallar


FİFA prezidenti hakim qərarları, intizam məsələləri və digər qalmaqallarla bağlı ittihamları da rədd edib. Onun fikrincə, mübahisəli qərarlar dünyanın aparıcı futbol liqalarında da rast gəlinən hallardır və FİFA bu məsələlərdə əsassız tənqidlərlə üzləşir.


İnfantino bildirib ki, diqqət yalnız bir neçə viza problemi yaşayan şəxsə yönəlib, halbuki milyonlarla insan turnir üçün vizalarını problemsiz alıb. O, tənqidçilərə "nifrət yaymaq əvəzinə dua etməyi, meditasiya etməyi və ya futbol izləməyi" tövsiyə edib.


Konqres FİFA-dan izahat istəyir


İnfantinonun ABŞ prezidenti Donald Trampla münasibətləri isə Vaşinqtonda müzakirə mövzusuna çevrilib. Demokrat konqresmen Ceymi Raskin FİFA-dan və onun rəhbərindən Tramp administrasiyası ilə bütün əlaqələr barədə məlumat təqdim etməyi tələb edib. O, həmçinin İnfantinonun ABŞ-də olacağı təqdirdə Konqresdə ifadə verməsini istəyib.


Konqresdə FİFA-nın Nyu-Yorkdakı "Trump Tower" binasında ofis icarəyə götürməsi, ABŞ millisinin futbolçusu Folarin Baloqunun diskvalifikasiyasının Trampın telefon zəngindən sonra ləğv edilməsi və digər məsələlərlə bağlı mümkün araşdırmalar da gündəmdədir. Bu səbəbdən dünya çempionatından sonra FİFA rəhbərliyinə yönələn sualların daha da artacağı istisna edilmir.