"Ryazan neft emalı zavodu Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir və ölkənin ümumi neft emalı həcminin təxminən 5 faizini təmin edir..."
 




İyulun 29-u səhər saatlarında Rusiyanın Ryazan şəhəri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücum zamanı şəhərdə bir sıra partlayışlar baş verib, zərbələrdən sonra isə müxtəlif obyektlərdə yanğınların başladığı bildirilib.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
 
"OSINT" analitiklərinin məlumatına görə, dronlardan biri Ryazandakı növbəti "Wildberries" anbarına dəyib. Hücumdan sonra obyektdə yanğın və güclü tüstü müşahidə olunduğu, hadisənin görüntülərinin sosial şəbəkələrdə yayımlandığı qeyd edilir.
 
Monitorinq kanallarının yaydığı məlumata əsasən, dronların Ryazan şəhərində yerləşən yerli neft emalı zavoduna da zərbə endirdiyi ehtimal olunur. Bildirilir ki, həmin müəssisədə də yanğın və sıx tüstü qeydə alınıb.
 
Məlumatda vurğulanır ki, Ryazan Neft Emalı Zavodu Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir və ölkənin ümumi neft emalı həcminin təxminən 5 faizini təmin edir. Zavodun illik emal gücü 17 milyon tona yaxındır. İddialara görə, burada istehsal olunan neft məhsulları Rusiya ordusunun ehtiyacları üçün də istifadə olunur.
 
Ryazan vilayətinin rəhbərliyi bölgəyə pilotsuz uçuş aparatları ilə hücumu təsdiqləyib. Rusiya KİV-in vilayət qubernatoru Pavel Malkova istinadla yaydığı məlumata görə, şəhərdəki müəssisələrdən birində pilotsuz aparatın zərbəsi nəticəsində yanğın baş verib. O, həmçinin hava hücumundan müdafiə qüvvələrinin Ryazana qarşı həyata keçirilən kütləvi PUA hücumunun qarşısını almağa çalışdığını bildirib.

 


Hadisə ilə bağlı rəsmi qurumlar hələlik əlavə məlumat açıqlamayıb.


Xatırladaq ki, iyulun 28-də Moskva vilayətinin Koledino qəsəbəsində yerləşən "Wildberries" anbarına hücum zamanı Rusiya hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində yaxınlıqdakı anbarlardan birində yanğın baş verdiyi bildirilmişdi.


S.Laçın