Yaxın Şərq yenidən qan gölünə çevrilir. Regionda vəziyyət ən kritik həddə çatıb. ABŞ və Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri İraq ərazisində genişmiqyaslı və dağıdıcı hava əməliyyatına başlayıb. 


Moderator.az bu haqda xarici mediaya istinadla xəbər verir.






"Anadolu" agentliyinin də təsdiqlədiyinə görə, müttəfiq qırıcı təyyarələr İraqın şiə məzhəbi üçün müqəddəs sayılan Kərbəla şəhəri başda olmaqla, şimaldakı Neynəva (Nineva), cənubdakı Bəsrə və Vasit əyalətlərini qəfil raket atəşinə tutub. Ağır bombardman nəticəsində İrana bağlı olan Xalq Səfərbərlik Qüvvələrinin (“Haşdi Şabi”) logistika mərkəzləri, hərbi bazaları və strateji silah anbarları darmadağın edilib.


Dəhşətli zərbələrin pərdəarxası: Niyə indi?..


Müdafiə nazirliklərinin və rəsmi mənbələrin məlumatına görə, bu irimiqyaslı qisas əməliyyatına səbəb son 72 saat ərzində İraq ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı Riyada, krallığın nəhəng neft infrastrukturuna və regiondakı ABŞ hərbi qüvvələrinə qarşı 30-dan çox qırıcı PUA ilə həyata keçirilən kütləvi hücumlar olub. ABŞ Mərkəzi Komandanlığı (“CENTCOM”) və Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki al-Maliki əməliyyatın birgə icra olunduğunu və hədəflərin tam dəqiqliklə vurulduğunu bəyan ediblər.


Zəvvarların marşrutu da vuruldu? 


Dünya mediasının, xüsusilə regional media şəbəkəsi “WANA”-nın yaydığı tükürpədici xəbərlərə görə, Kərbəlaya endirilən zərbələr Ərbəin(İmam Hüseyn və səhabələrinin qətlinin 40 günlüyü ilə bağlı yürüş) zəvvarlarının hərəkət etdiyi əsas marşrutun düz yaxınlığına düşüb və ətrafdakı infrastruktura ciddi ziyan dəyib. Şimaldakı Nineva (Neynəva) əyalətində isə vəziyyət daha acınacaqlıdır. Buradakı rəsmi qərargahların bombalanması nəticəsində “Haşdi Şabi”nin ən azı 8 yüksək rütbəli üzvü yerindəcə məhv edilib, onlarla yaralı var. Ölü sayının artacağı gözlənilir.


Dünya həyəcandadır: neft kəskin bahalaşdı, İran hədələyir!..


Qlobal informasiya nəhəngləri – Böyük Britaniyanın “RTE” radiosu və Fransanın “France 24” telekanalı xəbər verir ki, bu müştərək hərbi əməliyyatdan dərhal sonra dünya birjalarında neftin qiyməti qəfildən 3 dollardan çox bahalaşıb və bazarlarda ciddi panika yaranıb.


Hadisəyə dərhal reaksiya verən İran İslam İnqilabı Keşikçiləri Korpusu (“SEPAH”) bəyanat yayaraq, Səudiyyəyə edilən PUA hücumları ilə əlaqələrinin olmadığını iddia edib və Vaşinqton-Riyad ittifaqının bu addımını "böyük strateji səhv" və "təhlükəli eskalasiya" adlandırıb. “Haşdi Şabi” rəhbərliyi isə İraqın suverenliyinin kobud şəkildə pozulduğunu bildirərək yaxın saatlarda dəhşətli cavab veriləcəyini bəyan edib.


Bağdad hökuməti çarəsiz vəziyyətdə hadisələri izləyir. Regionun daha böyük bir müharibə alovuna bürünəcəyi an məsələsidir...


S.Laçın