Moderator.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında keçirilən Aerokosmik Modelçilik Festivalında şəhid övladı Mirzəyeva Aylin Elçin qızı böyük uğura imza ataraq I yerə layiq görülüb.
Füzuli Beynəlxalq Hava Limanında təşkil olunan Aerokosmik Modelçilik Festivalı gənclərin elmə, innovasiyaya və aerokosmik sahəyə marağının artırılması məqsədilə keçirilib. Festival ölkənin müxtəlif bölgələrindən olan istedadlı məktəbliləri və gəncləri bir araya gətirərək onların texniki bilik və bacarıqlarını nümayiş etdirmələri üçün geniş imkan yaradıb.
Festival çərçivəsində keçirilən müsabiqədə iştirak edən şəhid övladı Mirzəyeva Aylin Elçin qızı təqdim etdiyi aerokosmik model layihəsi ilə münsiflər heyətinin yüksək qiymətini qazanaraq I yerə layiq görülüb.
Aylinin əldə etdiyi bu uğur həm onun əzmkarlığının, zəhmətinin və istedadının, həm də şəhid övladlarının ölkəmizin elmi və texnoloji inkişafına verdiyi töhfənin növbəti bariz nümunəsidir. Onun qələbəsi festival iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.
Aerokosmik Modelçilik Festivalının əsas məqsədi gənclərdə mühəndislik təfəkkürünü inkişaf etdirmək, innovativ düşüncə tərzini təşviq etmək, aviasiya və kosmik texnologiyalar sahəsinə marağı artırmaq, eləcə də gələcəyin mühəndis və tədqiqatçılarının formalaşmasına dəstək verməkdir.
Mirzəyeva Aylin Elçin qızının qazandığı birincilik bir daha göstərir ki, Azərbaycan gəncliyi, o cümlədən şəhid övladları yüksək potensiala malikdir və ölkəmizin gələcəyinin qurulmasında mühüm rol oynayırlar.
Mirzəyeva Aylin Elçin qızını bu əlamətdar uğur münasibətilə səmimi qəlbdən təbrik edir, ona təhsilində, elmi fəaliyyətində və gələcək müsabiqələrdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Seymur ƏLİYEV