Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, müharibə artıq klassik döyüşdən daha çox texnologiya və innovasiya yarışına çevrilib.




 
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində deyib.
 
Müharibə artıq texnologiya yarışına çevrilib

Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin əvvəlki təşəbbüsü itirib və döyüş meydanındakı vəziyyət Ukraynanın inkişaf etdirdiyi yeni hərbi texnologiyalar hesabına dəyişir. O qeyd edib ki, hazırda Ukraynada silah və hərbi texnologiyalar hazırlayan 500 şirkət fəaliyyət göstərir.
 
Prezident xatırladıb ki, müharibənin əvvəlində Putin Ukraynanı iki-üç günə işğal edəcəyini iddia etsə də, bu gün ölkə güclü hərbi-sənaye potensialı formalaşdırır. O vurğulayıb ki, müharibənin xarakteri hər üç-altı aydan bir dəyişir və müasir silahlar, xüsusilə pilotsuz uçuş aparatları, daim yenilənməlidir.
 
"Putin təşəbbüsü itirib"

Zelenskinin fikrincə, Rusiyanın canlı qüvvə üstünlüyü Ukraynanı daha sürətli hərəkət etməyə məcbur edir. "Putinin daha çox insan resursu var. Biz isə insanlarımızı qorumaq üçün onlardan daha çox texnologiyaya və daha sürətli qərarlara söykənməliyik", - deyə o bildirib.
 
Prezident əlavə edib ki, Ukraynanın zərbələri və hərbi imkanlarının genişlənməsi Putinin təşəbbüsü itirməsinə səbəb olub. Onun sözlərinə görə, Rusiya hər ay təxminən 30 min hərbçi itirsə də, müharibəni dayandırmaq istəmir. Buna baxmayaraq, təşəbbüs artıq Putinin əlində deyil.
 
Atəşkəs çağırışı və Vaşinqton görüşü
 
Zelenski bildirib ki, Ukrayna hər gün atəşkəs və danışıqların başlanmasına çağırır. Onun sözlərinə görə, həm ABŞ prezidenti Donald Tramp, həm də Avropa ölkələri müharibənin başa çatmasını istəyir, lakin Putin dialoqa hazır deyil. Ukrayna lideri qeyd edib ki, müvəqqəti atəşkəs diplomatik danışıqlara şərait yarada bilər.
 
O, həmçinin Rusiyaya qarşı yeni sanksiyalara ümid etdiklərini bildirib. Zelenski Vaşinqtonda Donald Trampla keçirdiyi qapalı görüşdə "Patriot" sistemləri üçün raketlərin istehsal lisenziyaları, Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və diplomatik təşəbbüslərin müzakirə edildiyini də açıqlayıb.