Çin Şimal dəniz yolu ilə Avropaya ilk müntəzəm həftəlik konteyner marşrutunu işə salır - KİV-lər
29 Jul 2026, 16:05 35 baxış 3 dəq oxuma
Çinin "Sealegend Shipping" gəmiçilik şirkəti bu yay tarixdə ilk dəfə Şimal dəniz yolu ilə Çin və Avropa arasında müntəzəm həftəlik konteyner daşımalarına başlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "naked-science.ru" nəşri yazıb.
Nəşr yazır ki, yeni marşrut Arktika üzərindən kommersiya konteyner daşımalarının inkişafında mühüm mərhələ hesab olunur. Layihə şirkətin ötən il həyata keçirdiyi rekord keçiddən sonra reallaşdırılır.
Arktikadan keçən yeni ticarət xətti
Daşıyıcının açıqladığı cədvələ əsasən, avqustun 12-dən oktyabrın 27-dək yeddi kiçik və orta ölçülü konteyner gəmisindən ibarət donanma ilə səkkiz reys həyata keçiriləcək. Layihə ötən il Çininin Ninbo limanından Böyük Britaniyanın Felikstou limanına təxminən 20 günə çatan Istanbul Bridge konteyner gəmisinin uğurlu səfərinin davamıdır. Şirkət həmin keçidin bu marşrut üzrə rekord müddət olduğunu açıqlamışdı.
Əvvəlki Şimal dəniz yolu ilə konteyner daşımaları əsasən sınaq və ya birdəfəlik xarakter daşıdığı halda, "Sealegend"-in yeni proqramı mövsüm ərzində hər həftə yola düşən tammiqyaslı xətt yaratmağı nəzərdə tutur.
İlk reysi 1740 TEU tutumlu "Dubai Tower" konteyner gəmisi həyata keçirəcək. Gəmi avqustun 12-də Çindən yola çıxacaq və sentyabrın 5-də Felikstouya çatmalıdır.
Süveyş kanalına alternativ
"Sealegend" yeni marşrutu Süveyş kanalı üzərindən ənənəvi daşımalarla yanaşı, Çin-Avropa dəmir yolu xətlərinə də daha sürətli mövsümi alternativ kimi təqdim edir. Şirkətin məlumatına görə, Hamburqa yük çatdırılması 20-22 gün çəkəcək. Bu, dəmir yolu daşımaları ilə müqayisə edilə bilən müddətdir, lakin dəniz yolu daha böyük həcmdə yük daşımağa imkan verir.
Daşıyıcı həmçinin bildirir ki, Şimal dəniz yolundan istifadə Şərqi Asiya ilə Şimali Avropa arasındakı məsafənin xeyli qısalması hesabına karbon qazı emissiyalarını təxminən 50 faiz azaltmağa imkan verir.
Yeni marşrut Çinin Arktikadakı iqtisadi və strateji mövcudluğunu genişləndirmək siyasətinin bir hissəsidir. Bu, Pekinin "Qütb İpək Yolu" təşəbbüsü çərçivəsində həyata keçirilir.
Həftəlik reyslərin başlaması Arktika logistikasının inkişafında yeni mərhələdir. 2026-cı ilin yay naviqasiya mövsümü Şimal dəniz yolu ilə mövsümi müntəzəm konteyner daşımalarının dünya ticarətində artan geosiyasi risklər fonunda ənənəvi cənub marşrutlarına real kommersiya alternativinə çevrilə biləcəyini göstərəcək.