ADP bildirir ki, son vaxtlar “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin fəaliyyəti və bəzi nümayəndələrinin Azərbaycana qarşı ərazi iddialarını müdafiə edən dairələrlə mümkün əlaqələri barədə ictimaiyyətdə ciddi suallar yaranıb.
ADP Azərbaycanın uzun illər separatizm və işğal siyasətinin ağır nəticələri ilə üzləşməsini, 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər və sonrakı dövrdə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasından sonra Azərbaycanın güclənməsini istəməyən müəyyən xarici dairələrin yeni təsir vasitələri axtarmasını nəzərə alaraq baş verənlərin dövlət təhlükəsizliyi baxımından daim diqqətdə saxlanılmasının vacibliyini bildirir.
ADP hesab edir ki, bu iddialar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və digər səlahiyyətli dövlət orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun, obyektiv və hərtərəfli araşdırılmalı, eyni zamanda, həmin qurumun beynəlxalq terror təşkilatları ilə hər hansı qanunsuz əlaqəsinin olub-olmaması barədə yayılan iddialara da hüquqi qiymət verilməlidir.
ADP Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi mövqeyindən çıxış edən və bu mövzuda öz siyasi fikirlərini ifadə edən tanınmış ictimai-siyasi xadimlərə qarşı “Ronahi” Kürd Mədəniyyət Mərkəzi tərəfindən qeyri-adekvat münasibət göstərilməsindən, Prezidentə və hüquq-mühafizə orqanlarına müraciətlər edilərək onların cəzalandırılması və ya həbs olunmasını tələb etməsindən təəssüfləndiyini bildirir.
ADP hesab edir ki, hüquqi dövlətdə hər bir şəxs qanun çərçivəsində öz siyasi mövqeyini sərbəst ifadə etmək hüququna malikdir və fərqli fikirlərə cavab inzibati və ya cinayət təqibi tələbi deyil, hüquqi və ictimai müzakirə olmalıdır.
ADP bəyan edir ki, Azərbaycan tarixən multikultural və tolerant dövlət olmuş, ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən kürd əsilli Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə tam təmin edilib. Birinci və ikinci Qarabağ müharibəsində müxtəlif etnik mənsubiyyətə malik vətəndaşlarımızın göstərdiyi qəhrəmanlıq bunun ən parlaq sübutudur.
ADP bəyan edir ki, etnik mənsubiyyətdən siyasi məqsədlər üçün istifadə edilməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların dəstəklənməsi, ölkəmizə qarşı düşmən mövqedə olan xarici qüvvələrin təbliğatına xidmət edən fəaliyyətlər yolverilməzdir, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiq olmalı, heç bir etnik və ya mədəni təşkilat Azərbaycan dövlətçiliyindən üstün tutulmamalı və dövlətimizin milli təhlükəsizliyinə yönəlmiş istənilən fəaliyyət qanun çərçivəsində araşdırılmalı və hüquqi qiymətini almalıdır.
ADP Azərbaycan dövlətinin milli maraqlarını, suverenliyini və konstitusiya quruluşunu daim müdafiə etdiyini bir daha bəyan edir və bütün vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizin müstəqilliyinin, sabitliyinin və milli birliyinin qorunması naminə həmrəy olmağa çağırır.