“Məqam və vəzifə dalınca qaçma. İnsanlara hökm etmək, özünə xidmət etdirmək istəyi mənəvi kamilliyə mane olar...”
 




“İnsanların razılığı və narazılığı sənin üçün eyni dəyərdə olsun. Əsas olan Allahın razılığını qazanmaqdır...”
 
Moderator.az-ın dəyərli oxucularına “İslam-Today” nəşrindən tərcümə etdiyimiz növbəti həyati intellektual material təqdim olunur:
 
Qoy Uca Allah hamımızı doğru yola yönəltsin, bu yolda qəlbimizə sarsılmaz iman, əzm və səbat bəxş etsin, Öz buyurduqları ilə yaşamağı bizə nəsib etsin. Amin!..
 
Əziz oxucu! Sənə həyat yolunda bələdçi olacaq bu nəsihətləri əmanət edirik:
 
1. Təqva sənin şüarın olsun.
 
Öz halını düşün, hər addımında Allah qarşısında məsuliyyətini unutma. Səhvlərdən çəkin, Uca Allahın buyurduqlarına və Peyğəmbərimiz Məhəmmədin (Allahın salamı və salavatı ona olsun!) sünnəsinə əməl et. Çünki elə bir gün gələcək ki, insan bütün əməllərinə görə Rəbbinin hüzurunda cavab verəcək.
 
 
2. Qurani-Kərimi oxumağı və öyrənməyi fürsət bil.
 
Quranda həm zahiri hökmləri, həm də mənəvi hikmətləri axtar. Onu düşünərək, ibrət alaraq, göz yaşları içində, qəlbin yumşalaraq oxu. Hər bir işində özünü Qurani-Kərimin nuru ilə yoxla. Çünki Allahın insanlara göndərdiyi ən böyük dəlillərdən biri müqəddəs Qurandır.
 
 
3. Elm öyrənməkdən bir an belə uzaqlaşma.
 
Xüsusilə fiqh elmini, hədis kitablarını və təfsir əsərlərini oxumağa çalış. Elm insanın yolunu işıqlandıran nurdur.
 
 
4. Elm ilə yanaşı gözəl əxlaqa da sahib ol.
 
Əxlaqsız insan Allahın mərhəmətindən uzaq düşər. İnsanlarla gözəl rəftar et, heç kəsi alçaltma, heç kimə xor baxma. Böyükdən kiçiyə bütün canlılara mərhəmətlə yanaş.
 
 
5. Sünnəyə(Məhəmməd Peyğəmbərin(ə.s.) yoluna) bağlı ol və salehlərin yolunu izlə.
 
Dini təhrif edən yanlış yollardan uzaq dur. Allah, Peyğəmbər yolunda sabit qal.
 
 
6. Namaza diqqət et.
 
Gecə-gündüz ibadətini artır, fərz namazlarını camaatla qılmağa çalış. Evin məscid- mənəvi rahatlıq yeri, məscid isə qəlbinin sığınacağı olsun.
 
 
7. Orucu tez-tez tut.
 
Oruc insanın nəfsinə qarşı qalxanı, ruhuna qoruyucu sipərdir…
 
 
8. Rəhbərlik və şöhrət arzusunda olma.
 
Məqam və vəzifə dalınca qaçma. İnsanlara hökm etmək, özünə xidmət etdirmək istəyi mənəvi kamilliyə mane olar. Hətta ən yüksək dini vəzifələr(qazi, mufti, şeyxülislam və s.) belə, insanın əsas məqsədinə çevrilməməlidir.
 
 
9. Heç kimdən asılı olma, yalnız Allaha güvən.
 
Yaradılmışlardan deyil, yalnız Yaradanından istə. Ümidini və təvəkkülünü Uca Allaha bağla.
 
 
10. Tərifə aldanma, tənqiddən sarsılma.
 
İnsanların razılığı və narazılığı sənin üçün eyni dəyərdə olsun. Əsas olan Allahın razılığını qazanmaqdır...
 
 
11. Dünyanın keçici nemətlərinə aldanma.
 
Bu dünya müvəqqəti dayanacaqdır. Ölümü və əbədi olan Axirəti unutma. Sadə, təmiz və qənaətli yaşa. Dünya sevgisi bəzən insanı mənəvi itkilərə sürükləyə bilər.
 
 
12. Nəfsini qoru və tərbiyə et.
 
Nəfs insanın yol yoldaşıdır, miniyidir. Onu idarə etməyi bacaran insan özünü də qorumuş olar.
 
 
13. Tənhalığa alış, cahil insanlardan uzaq dur.
 
Qəlbinin dostu Allah olsun. Yalnız bu 5 xüsusiyyətə sahib insanlarla yaxınlıq et:
 
1.Dünyadan çox axirəti üstün tutan;
 
2.Mal-dövlətdən çox elmə dəyər verən;
 
3.İnsanların tərifindən çox Allahın razılığını axtaran;
 
4.Gizli və aşkar xeyir işlər görən;
 
5.Ölümü daim xatırlayan.
 
 
14. Başqalarının işlərinə həddindən artıq qarışma.
 
Sənə aid olmayan məsuliyyətləri üzərinə götürməkdən çəkin.
 
 
15. Yeməkdə, yuxuda və sözdə mütəvazi, aram, ölçülü ol.
 
Aclıq hiss etmədən yemə, ehtiyac olmadan danışma, səni yuxu tutmamış yatma. Gündüz əgər yuxu səndən əl çəkmirsə, imkan varsa, bir az mürgülə- ancaq namazların vaxtını buraxma... Dilini qoru, yalnız xeyirli sözlər söylə. Xalqa nəsihət edərkən haqqı söylə və bundan qorxma.  Daim doğruluğun, Haqqın yanında ol...
 
16. Halal ruziyə diqqət et.
 
Şübhəli qidalardan uzaq dur. Azla kifayətlən. Halal tikə bərəkətin açarıdır. Sabahın ruzisi üçün həddindən artıq narahat olma, çünki ruzi verən Allahdır- Ona güvən...
 
17. Səxavətli ol.
 
Allahın sənə verdiklərindən insanlarla paylaş. Xəsislik və paxıllıqdan uzaq dur. Çünki bu xüsusiyyətlər insanı mənəvi uçuruma və sonda Cəhənnəmə apara bilər.
 
18. Valideynlərin haqqını qoru.
 
Onlara hörmət və ehtiram göstər ki, Allah da səni qorusun.
 
 
19. Səfərləri nəfsini tərbiyə edəcək şəkildə et.
 
Səyahət insanın özünü tanımasına və mənəvi inkişafına səbəb olsun.
 
 
20. Sadə geyin və təvazökar ol.
 
Görünüşə həddindən artıq diqqət yetirmə. Xarici bəzək bəzən insanın daxili aləmini zəiflədə bilər.
 
 
21. Qəlbi sərtləşdirən və insana şəhvət hissləri aşılayan musiqilər səsləndirilən məclislərdən uzaq dur.
 
Mənəviyyata zidd əyləncə və davranışlar insanın qəlbinə mənfi təsir edə, simasızlığa, riyakarlığa və qəlbin məhvinə gətirib çıxara bilər.
 
 
22. Çox gülməkdən çəkin.
 
Həddindən artıq gülüş cahillikdir və zamanla qəlbin həssaslığını azalda, onu öldürə bilər. Taraz ol.
 
 
23. Qoy sizin əməlləriniz təmiz olsun.
Allahın əzabından qorx, amma Onun sonsuz mərhəmətindən ümidini kəsmə. Həyatını qorxu ilə ümid arasında tarazla.
 
Bu nəsihətləri yazmaq və oxumaq asandır. Əsas çətinlik isə onları həyat yoluna çevirməkdir. Qoy Uca Allah hamımıza bu gözəl tövsiyələrə əməl etmək üçün güc, səbir və asanlıq versin.
 
Amin!
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın