Ukraynanın Rusiyanın ən böyük onlayn ticarət platforması olan "Wildberries"in logistika mərkəzlərinə endirdiyi zərbələr təkcə şirkətə deyil, həm də Rusiya ordusuna, iqtisadiyyatına və ölkənin sosial-siyasi sabitliyinə ciddi zərbə vurur.
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
"Wildberries" Rusiya ordusunun təchizat zəncirinə necə çevrildi?
Rusiyalı müxalif jurnalist Aleksey Kovalyov yazır ki, ilk baxışdan mülki platforma təsiri bağışlayan "Wildberries" əslində Rusiya ordusunun qeyri-rəsmi təchizatında mühüm rol oynayır. Rəsmi logistikanın problemləri səbəbindən bir çox bölmə avadanlığı şəxsi alışlar, könüllülər və ianələr hesabına əldə edir.
Yaxın vaxtadək platformada "Xüsusi hərbi əməliyyat" üçün hər şey" bölməsi fəaliyyət göstərirdi. Burada zirehli gödəkçələrdən taktiki dəbilqələrə və dron komponentlərinə qədər 200 mindən çox məhsul satılırdı. İlk zərbələrdən sonra bölmə bağlansa da, məhsullar satışda qalıb.
Qeyri-rəsmi hərbi təchizat sisteminə zərbə
Kovalyov hesab edir ki, anbarlara zərbələr hərbi baxımdan məntiqlidir. Çünki bu platforma Rusiya ordusunun qeyri-rəsmi təchizat zəncirinin əsas həlqələrindən biridir və onun fəaliyyətinin pozulması bütün sistemi zəiflədir.
Jurnalistin fikrincə, hücumlar psixoloji təsir də yaradır. "Wildberries"dən milyonlarla rusiyalı istifadə edir, milyonlarla insan isə burada satışdan gəlir əldə edir. Anbarların məhvindən sonra mallarını və gəlirlərini itirən sahibkarların şikayətləri sosial şəbəkələrdə geniş yayılıb.
Milyardlarla dollarlıq itkilər
Qiymətləndirmələrə görə, ilk hücumlardan sonra "Wildberries"in logistika gücünün təxminən 8 faizi sıradan çıxıb. Birbaşa zərər 400 milyon dollar, satıcıların itkiləri isə 2 milyard dollara qədər qiymətləndirilir.
Müəllif bildirir ki, Rusiya hakimiyyəti hadisələri dövlət mediasında demək olar ki, işıqlandırmayıb, Kreml isə şirkətə maliyyə dəstəyi göstərilməsi imkanını nəzərdən keçirir. Nəşrin məlumatına görə, son dron hücumunda Ryazan vilayətində "Wildberries"in anbarlarından biri demək olar ki, tamamilə yanıb, bölgədəki iri neft emalı zavodlarından biri də zərər görüb.
Bundan əvvəl Moskva və Tambov vilayətlərindəki anbarlara zərbələr Rusiya sosial şəbəkələrində ən çox müzakirə olunan mövzu olub. Bir çox rusiyalı rəsmi məlumatlara inanmadığını bildirir, məsuliyyəti hakimiyyətin və Vladimir Putinin üzərinə qoyur, eyni zamanda Ukraynaya qarşı "cavab zərbələri" çağırışlarını dəstəkləyir.