ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin "Mossad" kəşfiyyatı İranın ali lideri Müctəba Xameneinin yerini müəyyənləşdirməyə çalışır.


Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri yazıb.






"Mossad" və CIA İranın gizlənən lideri Müctəba Xameneinin izinə düşüb


Nəşr yazır ki, Müctəba Xamenei təxminən beş aydır elektron rabitədən istifadə etmir və buna görə müasir izləmə texnologiyaları nəticə vermir. O, fevralın 28-də atası Əli Xameneinin İsrail zərbəsi nəticəsində öldürülməsindən sonra hakimiyyətə gəlib.


Bildirilir ki, yeni ali lider ABŞ peyk müşahidəsindən ehtiyat edərək ağır mühafizə olunan bunkerdə gizlənir. Əvvəllər ABŞ və İsrail kibermüşahidə, telefon dinləmələri və yol kameralarının izlənilməsi vasitəsilə Əli Xameneinin yerini müəyyən edə bilmişdi. Lakin indi bu üsullar işləmir və əsas diqqət insan kəşfiyyatına yönəlib.


İnsan kəşfiyyatı əsas silaha çevrilib


"The Times" yazır ki, "Mossad" və CIA hazırda agent şəbəkəsi vasitəsilə Müctəba Xameneinin yerini tapmağa çalışır. Xüsusi xidmət orqanları onunla əlaqə saxlayan şəxsləri və mesaj daşıyan kuryerləri izləyir. Ehtimal olunur ki, ali lider elektron vasitələrdən deyil, kağız qeydlər və kuryerlərdən istifadə edir.


"Mossad"ın keçmiş rəsmisi Rami İqranın sözlərinə görə, Xameneiyə birbaşa çıxışı olan şəxslərin sayı çox azdır və onlardan birinin əməkdaşlığa cəlb edilməsi həlledici ola bilər. O bildirib ki, oxşar üsul vaxtilə Üsamə bin Ladenin tapılmasında istifadə olunub.


Bəzi kəşfiyyat nümayəndələri isə Müctəba Xameneinin artıq ölmüş ola biləcəyini və İran İnqilab Keşikçiləri Korpusunun onun sağ qalması görüntüsünü yaratdığını istisna etmirlər. Onun təhlükəsizliyi üçün bənzərlərindən istifadə edildiyi də iddia olunur.


Xameneinin ortaya çıxması gözlənilir


Məqalədə qeyd olunur ki, müəyyən vaxtdan sonra İran cəmiyyəti yeni ali liderin ictimaiyyət qarşısına çıxmasını tələb edə bilər. Xamenei atasının dəfn mərasimində də görünməyib və onun mövcudluğuna dair əsas sübut adından yayımlanan rəsmi bəyanatlardır.


Ekspertlər hesab edir ki, o, üzünü göstərmədən səs yazısı ilə xalqa müraciət edə bilər. Lakin bu da risklidir, çünki səs faylı vasitəsilə yazının hazırlandığı yer müəyyən edilə bilər. ABŞ Müdafiə Nazirliyinin keçmiş rəsmilərindən biri bildirib ki, fevralın 28-dən sonra Xamenei təhlükəsizlik tədbirlərini gücləndirib və onun axtarışında əsas rol insan kəşfiyyatına məxsus olacaq.


Əgər "Mossad" və CIA onun yerini müəyyən edə bilsə, ABŞ və İsrail rəhbərliyi əldə olunan məlumatdan necə istifadə ediləcəyi barədə qərar verməli olacaq. Ekspertlərin fikrincə, əsas məsələ yalnız İran liderinin aradan götürülməsi deyil, ölkənin gələcək siyasi istiqamətidir.