Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.
"Diqqət. Ukrayna ərazisinə zərbələr endirən Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının fəaliyyəti ilə əlaqədar Polşa hava məkanında hərbi aviasiya əməliyyatlarına başlanılıb", - məlumatda deyilir.
Polşa hərbçiləri həmçinin aydınlaşdırıblar ki, onlar qırıcıları və erkən xəbərdarlıq təyyarələrini işə salıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini həyəcan vəziyyətinə gətriblər.
Bu arada Polşa teleqram-kanalları Ukrayna ilə sərhədə yaxın yerləşən Lyublin şəhərində səhər tezdən hava hücumu sirenlərinin eşidildiyini bildirib. İnsanlar bu səslərdən oyandıqlarını iddia edirlər.
Əlavə edilir ki, Ukraynanın kütləvi atəşə tutulması zamanı qanadlı raketlərdən biri Polşaya doğru istiqamətlənib. Monitorinq kanalları əvvəlcə Volın bölgəsi üzərindən uçan bu raketin Polşa-Ukrayna sərhədinə doğru istiqamətləndiyini bildirib. Ukrayna Hərbi Hava Qüvvələri də qanadlı raketin Volın bölgəsindəki Volodmir və ya Ustiluq şəhərlərinə doğru istiqamətləndiyini bildirib.
Raket sonradan radarlardan itib və hazırda onun Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub-vurulmadığı və ya sərhədə çatıb-çatmadığı məlum deyil.
Qeyd etmək lazımdır ki, sirenlərin aktivləşməsinin səbəbi və Polşa ərazisinə mümkün təhlükə ilə bağlı rəsmi məlumatlar dərc olunduğu vaxt dəqiqləşdirilir.
Xatırladılır ki, dünən gecə Lvovda Rusiya raket zərbəsi yaşayış binalarına ziyan vurub və yanğınlara səbəb olub.
Bundan əlavə, 30 iyul gecəsi Kiyevdə Rusiya raket zərbəsindən sonra məşhur Obolon bazarı alovlanıb.
S.Laçın