ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ evdə keçirilən görüşü Vaşinqton-Kiyev münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri" yazıb.
Nəşr yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə bağlı diplomatik fəallığı artırır. Bu görüşdən sonra Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın həftələrdə ilk dəfə Kiyevə səfər edəcəyi gözlənilir.
Tərəflər müharibənin dayandırılması üçün diplomatik səylərin canlandırılması, ABŞ-nin hərbi dəstəyi, eləcə də "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin lisenziyalı istehsalını müzakirə ediblər. Zelenski görüşü "çox yaxşı" adlandıraraq bildirib ki, həm o, həm də Tramp müharibənin bitməsini istəyir, lakin Putin buna hazır deyil.
Vaşinqtonun Ukraynaya münasibəti dəyişir
Analitiklərin fikrincə, Trampın Ukraynaya münasibətinin müsbət istiqamətdə dəyişməsinə Rusiyanın sülh təşəbbüslərini rədd etməsi, Ukraynanın əməkdaşlığa açıq mövqeyi və cəbhədə əldə etdiyi nəticələr təsir göstərib. Nəşr qeyd edir ki, Zelenski ABŞ-ı Ukrayna ilə eyni tərəfdə olduqlarına inandırmağa çalışıb və bu strategiya müəyyən nəticə verib.
Görüşdən sonra ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin müzakirəsinə yaşıl işıq yandırıb. Eyni zamanda, Tramp administrasiyası Kiyevlə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu nümayiş etdirib.
Birgə silah istehsalı gündəmdədir
Zelenski Vaşinqtonda ABŞ-ın "Lockheed Martin" müdafiə şirkətinin nümayəndələri ilə də görüşüb. Tərəflər "Patriot" sistemləri üçün raketlər və digər silahların birgə istehsalı, texnologiya mübadiləsi və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Kiyev hesab edir ki, ABŞ nümayəndələrinin gözlənilən səfəri və müdafiə sahəsində yeni layihələr Ukrayna-ABŞ münasibətlərini daha da gücləndirəcək və diplomatik prosesə əlavə təkan verəcək.