Space TV-nin baş direktoru Ayaz Mustafayev “Media masası” verilişində qonaq olub. Verilişin aparıcısı baş direktora kanalın yutub səhifəsində ən çox baxılan videoları nümayiş etdirib. Bu videolardan biri də tanınmış müğənni Əflatun Qubadovun ifası olub. Tanınmış sənətçinin ifasına kanalın baş direktoru “biyabırçılıq” şərhini verib. Ayaz Mustafayevin bu ifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Bir çox tanınmış şəxs də rəy yazaraq, kanal rəhbərinə bu ifadəni yaraşdırmadıqlarını bildiriblər. Müğənninin ünvanına isə xoş sözlər yazanların sayı-hesabı olmayıb.


Moderator.az-a açıqlama verən Əflatun Qubadov həmin verilişi izləmədiyini bildirib:







“Verilişi izləməmişəm. Heç kanalın yeni sədrini də tanımıram. Tanımadığım adam haqda heç nə deyə bilmərəm. Hərənin öz fikri var. Kim nə fikirləşirsə özü bilər. Hər kəsin fikrinə də hörmətlə yanaşıram. Mənim üçün əsas olan xalqın rəyidir. Mənə xalqın, millətin qoyduğu bir hörmət var. Orada biyabırçılıq deyilən bir şey yoxdur. Biyabırçılığı başqa yerdə, başqa şeylərdə axtarsınlar. Mahnı çalınıb, oxunub və kanalın da ən çox baxılan videosudur. Orada nə biyabırçılıq ola bilər ki?! Sevinsin ki, kanalın yutub səhifəsində paylaşılan ən baxımlı videonun sahibi mənəm. Mənim hesabıma kanalın yutubuna pul gəlib, çörək gəlib, işçilər mənə görə maaş alıb. Gül kimi də mahnıdır, Azərbaycana xas olan repertuardır. Kim nə fikirləşir, nə danışır, özü bilər. Orada əsl Azərbaycan kişisinin obrazı, xarakteri, geyimi-keçimi var deyə biyabırçılıqdır?! Abır-həyamı gözləyə-gözləyə, suyu da üfürə-üfürə içirəm ki, xalqın xətrinə, qəlbinə dəyməyim, mənə pis sözlər yazmasınlar. Orada segah, aşıq mahnısı, popuri, muğam oxumuşam. Açıb efirləri, yutub səhifələrini qulaq asıb görsünlər ki, biyabırçılıq haralardadır? Biyabırçılıq var idi ki, əksər verilişlərin hamısını bağladılar. Mən o verilişlərin heç birinə getmirdim. Yalvarırdılar, xahiş edirdilər, getmirdim. Mən özümü orada görmürdüm. Mən bu sevgini efirlə qazanmamışam. Məclislərdə, toylarda qazanmışam. Bir həyətə, bir evə mən 10 dəfə, 15 dəfə toya gedirəm. Niyə görə? Çünki orada hörmət görürlər, izzət görürlər. Öz ailələri kimi, dost kimi, ata kimi, qardaş kimi ora gedirəm. Azərbaycan toylarında, şənlik evlərində ən çox mənim mahnılarımı ifa edirlər. Burada nə var ki? Məndən əvvəl də müğənnilər ana, ata, qardaş, quda haqqında da mahnılar oxuyublar. Böyük sənətkar Məmmədbağır Bağırzadə də yazıb, oxuyub. Bu ən-ənə davam etməlidir də. Yenilik etməməliyik? Keçmişdə qalmalıyıq?” deyə sənətkar bildirib.


Əflatun Qubadova baş direktorun bu sözündən sonra həmin kanala gedib-getməyəcəyini də soruşduq:


“Vallah mən çoxdandır heç o kanala getmirəm. Çağırırlar da getmirəm. Bundan sonra gedib-getməyəcəyimi bilmirəm. Bu mənim dəvət olunduğum verilişdən və aparıcıdan asılıdır. Onu da qeyd edim ki, paylaşılan həmin video Mikayıl Güləddinoğlunun “Sevimli şou” verilişindəndir” deyə o bildirib.