"Əsas təhlükə küçə etirazları deyil, elitalar arasındakı narazılıqdır"


Ukraynadakı müharibənin davam etməsi Rusiyada həm cəmiyyətin, həm də Vladimir Putinin yaxın çevrəsinin əhval-ruhiyyəsinə təsir edir.






Moderator.az xəbər verir ki, təhlükəsizlik, münaqişələr və risklərin idarə olunması üzrə ekspert, "Pacific Forum"-un baş elmi əməkdaşı Uilyam Alberk "24 kanal"a müsahibəsində bildirib. 


Ekspert qeyd edir ki, Kreml rəhbərinin qəfil ölümü Rusiyanı hakimiyyət uğrunda mübarizə və xaos təhlükəsi ilə üz-üzə qoya bilər. Onun sözlərinə görə, müharibənin nəticələrinin Rusiya ərazisində daha çox hiss olunması Kremlə dəstəyi zəiflədən amillərdən biridir.


"Mən hesab edirəm ki, zərbələrin Rusiyaya yönəlməsi və müharibənin yükünün rus xalqının üzərinə keçirilməsi çox ağıllı strategiyadır. Bu, Rusiya daxilində narazılığı artırır", - Alberk bildirib. Ekspert kütləvi etirazlar və yaxın zamanda çevriliş gözləmədiyini qeyd etsə də, müharibəyə dəstəyin zamanla zəifləyə biləcəyini vurğulayıb.


Kreml üçün əsas təhlükə nədir?


Alberkin fikrincə, Rusiya hakimiyyəti üçün ən ağrılı məsələ hərbi itkilərdən çox, Moskva və Sankt-Peterburqda həyat səviyyəsinin pisləşməsi ola bilər. "Onlar yanacaq ala bilməyəndə, bu artıq tamamilə başqa məsələ olacaq", - deyə ekspert bildirib. Onun sözlərinə görə, Kremlin əsas dayaqları orta təbəqə, güc strukturları və varlı rusiyalılardır. Rusiya elitasında isə ölkənin gələcəyi və müharibənin perspektivləri ilə bağlı narahatlıq getdikcə artır.


Putin ölərsə, Rusiyanı nə gözləyə bilər?


Ekspert hesab edir ki, Rusiyanın siyasi sistemi bir şəxsdən həddindən artıq asılıdır. "Əgər Putin sabah ölsə, onun yerinə kimin gələcəyini heç kim bilmir. Açığı, bu, xaos olacaq", - Alberk deyib. Onun fikrincə, belə vəziyyətdə siyasi qruplar, oliqarxlar və güc strukturları hakimiyyət uğrunda mübarizəyə başlaya bilər.


Həmçinin bəzi nüfuzlu şəxslərin strateji obyektlərə, o cümlədən nüvə arsenalının idarəetmə sisteminə nəzarət etməyə çalışması riski var. Alberk bildirib ki, uzunmüddətli müharibə artıq Rusiyanın varlı təbəqələrinin maraqlarına da mənfi təsir göstərir. "Rusiyada bir çox strateji düşünən insanlar müharibənin niyə dördüncü ili keçdiyini və beşinci ilə doğru getdiyini, amma hələ də real sonun görünmədiyini düşünürlər", - ekspert qeyd edib.


O, Rusiyada sabitliyin zəifləməsinin nümunəsi kimi "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Moskvaya yürüşünü xatırladıb. Alberkin sözlərinə görə, müharibənin uzanması və iqtisadi problemlərin dərinləşməsi fonunda Kreml mümkün daxili qarışıqlıqlara hazırlaşır.