UEFA dünya çempionatının kommersiya hüquqlarının investorlara satılması ideyasına etiraz edir
UEFA FIFA prezidenti Canni İnfantinonun dünya çempionatlarından əldə olunan gəlirlərə özəl investorların cəlb edilməsi planını müzakirə etmək üçün cümə axşamı təcili iclas keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" məlumat yayıb.
FIFA-nın yeni planı UEFA-nın etirazına səbəb olub
Avropa futbol qurumu uzun müddətdir FIFA ilə müxtəlif məsələlərdə fikir ayrılığı yaşayır. Son gərginlik FIFA-nın 211 milli federasiyaya göndərdiyi məktubdan sonra yaranıb. Federasiyalardan sentyabrın 19-dək İnfantinonun özəl investisiyaların cəlb edilməsi ilə bağlı təklifinə münasibət bildirmək tələb olunub.
FIFA hesab edir ki, bu layihə hər milli federasiyaya 40 milyon dollara qədər əlavə maliyyə gətirə bilər. İlk 20 milyon dolların isə plan təsdiqləndikdən sonra ödənilməsi nəzərdə tutulur. Tənqidçilər isə bu təşəbbüsün İnfantinonun yaxın çevrəsinə və əlaqəli investorlara maliyyə üstünlüyü verə biləcəyini bildirirlər.
"Futbol satıla bilməz"
UEFA bəyan edib ki, FIFA federasiyalara təklifi dəstəkləmələri üçün vaxt məhdudiyyəti qoyub. Avropa futbol qurumu hesab edir ki, futbolun ruhu və idarəetmə sistemi alqı-satqı predmeti ola bilməz. "Heç birimiz futbolun sahibi deyilik. FIFA-nın da onu satmağa haqqı yoxdur", - deyə UEFA bildirib. Ekspertlər UEFA-nın iclasında hətta təşkilatın FIFA-dan çıxması məsələsinin də müzakirə oluna biləcəyini istisna etmirlər.
İnfantino nə təklif edir?
FIFA prezidenti dünya çempionatlarının kommersiya hüquqlarının 20 faizinin özəl investorlara təqdim edilməsini təklif edib. Bunun üçün FIFA FIFA Forward Enterprise (FFE) adlı yeni struktur yaratmağı planlaşdırır.
Qurum ilin sonunadək investorlardan 4 milyard dollardan çox vəsait cəlb etməyi hədəfləyir.
İnfantinonun sözlərinə görə, bu maliyyə futbol infrastrukturunun inkişafına, milli komandaların gücləndirilməsinə, gənc və qadın futbolunun dəstəklənməsinə yönəldiləcək. Təklif qəbul olunarsa, 2027-ci ildən başlayacaq maliyyə dövründə hər milli federasiya 40 milyon dollara qədər vəsait ala biləcək.
Dünya futbolunda etirazlar artır
FIFA-nın təşəbbüsü bir sıra futbol təşkilatlarının etirazına səbəb olub. İngiltərə Futbol Assosiasiyası, European Leagues və FIFPRO bu planın dünya futboluna mənfi təsir göstərə biləcəyini bildiriblər.
La Liqanın prezidenti Xavyer Tebas İnfantinonu növbəti FIFA konqresi öncəsi dəstək qazanmağa çalışmaqda ittiham edib.
Dortmund "Borussiya"sının prezidenti Hans-Yoahim Vatske isə təşəbbüsü "futbola qarşı açıq hücum" adlandırıb.
Bununla belə, bəzi federasiyalar, o cümlədən Çexiya Futbol Assosiasiyası layihənin faydalı ola biləcəyini bildirib. UEFA-nın narahatlığını Asiya, Cənubi Amerika, həmçinin Şimali və Mərkəzi Amerika futbol konfederasiyaları da bölüşür.