Hazırda Yəmən husilərinin faktiki nəzarət tediyi və bağladığı strateji əhəmiyyətli Bab-əl-Məndəb boğazında növbəti güclü partlayış hadisəsi qeydə alınıb.
Moderator.az bu haqda İsrail nəşrlərinə istinadla xəbər verir.
Məlumatlara görə, insident boğazın tən ortasında, bölgədən keçən ticarət gəmilərindən birinin bilavasitə yaxınlığında baş verib.
Kamerun bayrağı altında üzən yük gəmisinin hədəf alındığı və ya partlayış dalğasına məruz qaldığı bildirilir. Hadisənin ardınca ciddi zədə alan və ya təhlükəsizlik mülahizələri ilə manevr imkanını itirən gəmi dənizin ortasında tamamilə hərəkətsiz qalıb.
İsrail mediası partlayışın miqyasını "dəhşətli" olaraq xarakterizə edib.
Bölgədə gərginlik pik həddədir...
Bu insident Qırmızı dəniz və Ədən körfəzini birləşdirən Bab-əl-Məndəb boğazında təhlükəsizlik böhranının yenidən alovlandığı bir dövrə təsadüf edir. Ekspertlər xatırladır ki, Yəməndəki husi qüvvələrinin iyulun 20-də Səudiyyə Ərəbistanı və onun müttəfiqləri ilə əlaqəli gəmilərə qarşı elan etdiyi dəniz embarqosundan sonra regionda risklər maksimum dərəcəyə yüksəlib. Məhz bu təhdidlər səbəbindən son günlərdə boğazdan keçən qlobal ticarət gəmilərinin və tranzit daşımaların sayında kəskin azalma müşahidə olunurdu. Son partlayış regional gəmiçilik şirkətləri və sığorta qrupları arasında narahatlığı daha da artırıb.
Hadisə nəticəsində gəmidə ölən və ya yaralananların olması, eləcə də hücumun konkret hansı silahla (dəniz dronu, raket və ya mina) törədildiyi barədə rəsmi açıqlama hələlik yayılmayıb. İsrail hərbi-analitik mənbələri bölgədəki vəziyyəti yaxından izlədiklərini bəyan ediblər...
S.Laçın