Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) 31 iyul cümə günü səhər tezdən Rusiya ərazisinə kütləvi hücum təşkil edib.


Moderator.az bu haqda “Korrespondent” nəşri və digər, o cümlədən xaricivə  Rusiya mənbələrinə istinadla baş verənlər barədə ilkin məlumatların xülasəsini təqdim edir:






Hücum coğrafiyası olduqca geniş olub. Volqoqrada endirilən zərbələrdən sonra Tatarıstan və Dağıstan respublikalarında da güclü partlayışlar və yanğınlar qeydə alınıb.


 


Xəzər sahilində həyəcan: Kaspiysk limanı yenə hədəfdə...


 


Monitorinq kanallarının yaydığı məlumatlara görə, Ukrayna dronları Dağıstanın Kaspiysk şəhərində yerləşən strateji limanı hədəf alıb. Xəzər dənizi sahilində yerləşən bu liman ərazisində güclü partlayış səsləri eşidilib(LIGA.net). Rusiya hərbi mənbələri liman və dəniz zavodu yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşdüyünü və hücum cəhdinin qarşısının alınmağa çalışıldığını bildirib. Baş verən PUA təhlükəsi səbəbindən Mahaçqala hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub...



Tatarıstanda neft zavodu və anbarlar yandı...


 


Hücum dalğası Tatarıstanın bir neçə sənaye şəhərini və paytaxt Kazanı da əhatə edib. Kazanda partlayışlar və ardınca baş verən yanğınlar barədə məlumatlar yayılıb. Eyni zamanda Tatarıstanın Nijnekamsk şəhərində də HHM fəaliyyəti qeydə alınıb. Hücum səbəbindən yerli neft emalı zavodunun təhlükəsizlik məqsədilə borularda təzyiqi azaltdığı bildirilir. Zelenodolsk rayonunda isə "Wildberries" logistika mərkəzinin anbarında genişmiqyaslı yanğın baş verib (LIGA.net)...


 


Volqoqradda "LUKOYL" obyekti alovlandı...


 


Dronların ilkin hədəflərindən olan Volqoqrad vilayətində də vəziyyət gərgin olub. "Reuters"-in məlumatına görə, vilayət qubernatoru Andrey Boçarov rəsmi olaraq təsdiqləyib ki, PUA hücumu nəticəsində "LUKOYL" şirkətinə məxsus neft emalı və energetika müəssisəsinin ərazisində yanğın qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub...


Rusiya rəsmi mənbələrinin məlumatı...


Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin hava məkanına daxil olan onlarla Ukrayna PUA-sı HHM və radioelektron mübarizə (REMB) vasitələri ilə zərərsizləşdirilib. Rəsmi qurumlar dronların əksəriyyətinin hədəfə çatmadan vurulduğunu iddia etsələr də, yerli telegram-kanalları və quberniya rəhbərlikləri düşən qalıqların və birbaşa zərbələrin infrastruktur binalarında ciddi fəsadlar yaratdığını, Rostov vilayətində isə hücum zamanı bir mülki şəxsin yaralandığını təsdiqləyiblər (Reuters, LIGA.net) Hazırda bölgələrdə dağıntıların miqyası hesablanır...



S.Laçın