İranla münaqişə ABŞ-ın əsas silah ehtiyatlarını sürətlə azaldır və bu, Vaşinqton üçün ciddi strateji problem yaradır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Newsweek" nəşri yazıb.
ABŞ arsenalı tükənir
Nəşr yazır ki, Tramp administrasiyası İranın raket və dron hücumlarına qarşı bahalı "Patriot" və THAAD sistemlərindən istifadə etməklə gələcək münaqişələr üçün ehtiyatları zəiflədib. Ekspertlərin fikrincə, ABŞ qısa müddətdə "Patriot", THAAD və uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini sərf edib.
Bu vəziyyət yalnız İranla qarşıdurma baxımından deyil, Çin, Rusiya və Şimali Koreya kimi ölkələrlə mümkün müharibələr fonunda da narahatlıq yaradır. Məqalədə qeyd olunur ki, ABŞ-ın bəzi müdafiə raketləri İranın hücum vasitələrindən dəfələrlə bahadır.
"Patriot" PAC-3 MSE raketinin qiyməti təxminən 4 milyon dollar, THAAD raketinin qiyməti isə 12 milyon dollar civarındadır. Halbuki İranın "Shahed" dronları bir neçə min dollarla qiymətləndirilir. Ekspertlər hesab edir ki, ucuz hücum vasitələri ilə bahalı müdafiə sistemlərinin tükədilməsi ABŞ üçün uzunmüddətli problem yaradır.
Silah ehtiyatından daha böyük problem
Məlumata görə, ABŞ-ın yeddi əsas silah kateqoriyası üzrə ehtiyatlarının üçdə birindən yarısına qədər hissəsi artıq istifadə olunub. "Patriot" ehtiyatlarının 2500-dən təxminən 1000-ə, THAAD sistemlərinin isə 360-dan 70-170 ədədə qədər azaldığı bildirilir. Ekspertlər xəbərdarlıq edir ki, bu ehtiyatların bərpası illər çəkə bilər.
Onların fikrincə, İran müharibəsi ABŞ-ın bahalı və yüksək texnologiyalı silahlara həddindən artıq güvəndiyini göstərib. Analitiklər hesab edir ki, Tramp administrasiyası üçün ən real seçim münaqişəni uzatmaq deyil, çıxış yolu axtarmaqdır. Çünki müharibənin davam etməsi ABŞ-a daha çox silah, maliyyə və siyasi nüfuz itkisinə başa gələ bilər.