HƏMAS mərhələli şəkildə tərksilah ediləcək
ABŞ prezidenti Donald Tramp Qəzzada HƏMAS və digər silahlı qrupların mərhələli şəkildə tərksilahına dair "tarixi razılaşma" əldə olunduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" platformasında yazıb.
Plan nələri nəzərdə tutur?
O bildirib ki, proses başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağından çıxarılacaq, bölgənin idarəçiliyi isə yeni Fələstin hökumətinə veriləcək. Məlumata görə, razılaşmaya əsasən ağır silahlar, silah anbarları və tunellər beynəlxalq nəzarət altında mərhələli şəkildə təhvil veriləcək.
Daha sonra beynəlxalq sabitləşdirmə qüvvələri və yeni Fələstin təhlükəsizlik strukturları Qəzzada təhlükəsizliyə cavabdeh olacaq. Humanitar yardımın artırılması və texnokrat hökumətinin formalaşdırılması da planın əsas bəndləri sırasındadır. Bununla yanaşı, HƏMAS nümayəndələri razılaşmanı hələlik yalnız layihə adlandırıb. İsrail isə danışıqlarda iştirak etməyib və planın həyata keçiriləcəyinə şübhə ilə yanaşır.
Mübahisəli məqamlar qalır
Analitiklər bildirir ki, razılaşmanın icrası bir sıra ciddi problemlərlə üzləşə bilər. Əsas mübahisə İsrail ordusunun əvvəlcə Qəzzadan çıxması, yoxsa HƏMAS-ın əvvəlcə silahı təhvil verməsi məsələsidir. Digər mühüm məqam isə odur ki, plan əsasən ağır silahların təhvilini nəzərdə tutur. Halbuki HƏMAS döyüşçülərinin əlində qalan yüngül silahların taleyi barədə aydın mexanizm göstərilmir.
Eyni zamanda, İsrail tərəfi təhlükəsizliklə bağlı narahatlıqlarını əsas gətirsə də, müşahidəçilər hesab edirlər ki, bu bəyanatlar daha çox prosesi uzatmaq üçün irəli sürülən bəhanələr kimi görünür. Bu səbəbdən razılaşmanın yaxın vaxtda tam şəkildə həyata keçəcəyi ilə bağlı ciddi suallar qalmaqdadır.