“Bizim Cəbiş müəllim” filmini mənim atam çəkib. Senari müəllifi Maqsud İbrahimbəyov, rejissoru Həsən Seyidbəylidir. Cəbiş müəllim obrazını atam yaradıb. Rabitəbank əslində bizdən icazə almalı idi. Biz normal, hüquqi ölkədə yaşayırıq. Mən Azərbaycan Rejissorlar Gildiyası ilə məsləhətləşəcəm və onların dediyi kimi də addım atacam. Hər şeyi onların hüquqşünasları ilə məsləhətləşəcəm. Bizim ölkəmizdə qanunlar işləyir”
Bunu Moderator.az-a açıqlamasında görkəmli rejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib.
O daha sonra əlavə edib:
“Əvvəllər Azərbaycan filmlərini efirdə göstərəndə qonorar ödəmirdilər. Azərbaycan Rejissorlar Gildiyası məhkəməyə müraciət etdi və bundan sonra hər dəfə film göstəriləndə gildiyaya pul ödənildi. O məbləğdən də həm yaradıcı insanlara, həm də həmin sənətkarların varislərinə pul düşürdü. Mən süni intellektə normal baxıram. Bu layihə Azərbaycan filminin inkişafı naminə olsaydı və Cəbiş müəllim obrazı orada istifadə edilsəydi bununla razılaşardım. Amma bu bank sektorudur. Kinoya aidiyyatı yoxdur. Özləri üçün ediblər” deyə sənətkarın varisi bildirib.
Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM)-nin rəhbəri Xəyal Rza açıqlamasında bildirib ki, artıq Rabitəbank həmin reklam rolikini silib:
“Rabitəbankın müəllif hüquqlarına hörmətsizliyi ilə bağlı paylaşımımı Bizim.Media xəbərə çevirdi. Hətta məsələyə xalq artisti Süleyman Ələsgərovun qızından münasibət də öyrəndi. Nəticədə Rabitəbank "Bizim Cəbiş müəllim"dən əl çəkdi, reklamları sildi. Təbii ki, bununla iş bitmir, bitməməlidir. Xalq artistinin qızı haqlı olaraq üzr tələb edir” deyə o paylaşımında bildirib.