ABŞ hökumətinin bu yaxınlarda məxfilikdən çıxarılan sənədləri Aralıq dənizinin məşhur kurort bölgəsi üzərində Amerika təyyarəsinin sirli metal obyektlə qarşılaşmasının diqqətçəkən təfərrüatlarını üzə çıxarıb.


Moderator.az xəbər verir ki, bu barədə "Deily Star" nəşri yazıb.






Sirli obyekt hərbçilərin diqqətini çəkib


Rəsmi hərbi hesabatlara görə, ABŞ hərbi təyyarəsi bazaya qayıdarkən Yunanıstan və Türkiyə arasındakı hava məkanında naməlum uçan obyekt müşahidə edib. Hadisə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə UNO-larla bağlı hökumət arxivlərinin geniş şəkildə məxfilikdən çıxarılması fonunda ictimaiyyətə məlum olub.


Məlumata görə, naməlum uçan aparat aydın üçbucaq formasına malik olub və metaldan hazırlanmış kimi görünüb. Obyekt təxminən 7 600 metr yüksəklikdə, saatda 310 kilometr sürətlə hərəkət edib. Bu isə hərbçilərin narahatlığına səbəb olub və yüksək səviyyədə araşdırma başlanıb.


Sənədlərin bir hissəsi hələ də gizli saxlanılır


Hesabat dərc olunsa da, insidentlə bağlı bir sıra vacib məlumatlar hələ də açıqlanmayıb. Müşahidənin dəqiq tarixi redaktə edilib, sənədin böyük hissələri isə pilotların şəxsiyyəti və digər məxfi məlumatların gizlədilməsi üçün istifadə olunan "1.4(a)" kodu ilə ört-basdır olunub. Sənəd əvvəllər "secret/NOFORN" məxfilik qrifi daşıyıb ki, bu da onun xarici kəşfiyyat orqanlarına və müttəfiq ölkələrə ötürülməsini qadağan edir.


Məxfi arxivlər mərhələli şəkildə açıqlanır


Bu sənəd İkinci Dünya müharibəsindən bəri toplanmış on milyonlarla arxiv materialının məxfilikdən çıxarılması proqramının yalnız kiçik bir hissəsidir. Rəsmi portalda hər bir neçə həftədən bir yeni hərbi sənədlər, işlənməmiş videogörüntülər və pilot ifadələri dərc olunur.


ABŞ müharibə naziri Pit Heqset bildirib ki, hökumət Tramp administrasiyasının şəffaflıq siyasətinə uyğun olaraq naməlum anomal hadisələrlə bağlı məlumatları ictimaiyyətə təqdim etməyə çalışır. Onun sözlərinə görə, uzun illər "məxfi" qrifləri altında saxlanılan bu materiallar müxtəlif fərziyyələrin yaranmasına səbəb olub və artıq Amerika xalqının onlarla tanış olmaq vaxtıdır.


Xatırladaq ki, amerikalı rejissor Stiven Spilberq Yer kürəsinin yadplanetlilər tərəfindən ziyarət olunduğuna inandığını bildirib. Alimlərin bir hissəsi belə bir ehtimalı nəzəri baxımdan mümkün saysa da, bununla bağlı inandırıcı sübutların olmadığını vurğulayır.