"Boris Nemtsovun qızına qarşı cinayət işi açılıb, o isə bunu Rusiyada müstəqil təşkilatlara qarşı təzyiqlərin güclənməsi ilə əlaqələndirib..."


Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi qətlə yetirilmiş rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qızı, jurnalist və ictimai xadim Janna Nemtsovanın qiyabi həbsinə qərar verib.






Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.


Janna Nemtsovaya qiyabi həbs qərarı


Məlumatda deyilir ki, rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qızı "arzuolunmaz təşkilatın" fəaliyyətini təşkil etməkdə ittiham olunur. Qərara əsasən, Nemtsova ekstradisiya və ya deportasiya ediləcəyi, yaxud Rusiya ərazisində saxlanılacağı təqdirdə iki ay müddətinə həbs olunacaq.


"Hakimiyyət müharibə əleyhdarlarını hədəfə alır"


Janna Nemtsova bildirib ki, cinayət işi onun həmtəsisçisi olduğu Boris Nemtsov Azadlıq Fondunun fəaliyyəti ilə bağlıdır. Fond 2024-cü ildə Rusiya Baş Prokurorluğu tərəfindən "arzuolunmaz təşkilat" elan edilib.


Nemtsovanın sözlərinə görə, Rusiya hakimiyyəti müharibəyə qarşı çıxan, Ukraynanı dəstəkləyən, insan hüquqları və vətəndaş azadlıqlarını müdafiə edən bütün təşkilat və şəxslərdən narahatdır.


O əlavə edib ki, cinayət işinin məhz indi açılmasının səbəbini bilmir, lakin bunu müstəqil təşkilatlara və ictimai liderlərə qarşı təzyiqlərin daha da güclənməsinin əlaməti hesab edir.


Atasının qətlindən sonra Rusiyanı tərk edib


Janna Nemtsova atası Boris Nemtsovun 2015-ci ildə Kremlin yaxınlığında qətlə yetirilməsindən sonra Rusiyanı tərk edib. Onun təsis etdiyi fond Almaniyanın Bonn şəhərində qeydiyyatdan keçib və fəaliyyətini oradan davam etdirir.


Xatırladaq ki, Boris Nemtsov 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələnərək öldürülüb. Cinayəti icra edən şəxslər məhkum edilsə də, sifarişçinin kimliyi indiyədək müəyyən edilməyib.


Nemtsovun ailəsi və tərəfdarları qətlin təşkilində Rusiya hakimiyyətinə yaxın şəxslərin rol oynadığını iddia edirlər.