Müttəfiqlər Polşa, Finlandiya və Litvada nüvə çəkindirmə imkanlarını artırmağı müzakirə edir
NATO Rusiyadan gələn təhlükə fonunda Avropada nüvə çəkindirmə sisteminin genişləndirilməsi ilə bağlı planlar hazırlayır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
NATO Rusiyadan gələn təhdid fonunda nüvə planlarını genişləndirir
Nəşrin məlumatına görə, təhlükəsizlik vəziyyəti daha da gərginləşərsə, nüvə silahları, xüsusilə Polşa, Finlandiya və Litvada yerləşdirilə bilər.
Söhbət qeyri-strateji nüvə silahlarından gedir.
Bu silahlar qoşunlara, aerodromlara, limanlara, komanda məntəqələrinə və digər hərbi obyektlərə qarşı istifadə üçün nəzərdə tutulur. Onlar əsasən qırıcı təyyarələr və ya qanadlı raketlərlə hədəfə çatdırılır və strateji nüvə silahlarından daha az gücə malikdir.
NATO-nun baş katibi Mark Rütte daha əvvəl dpaya müsahibəsində Avropada ABŞ-nin əlavə nüvə silahlarının yerləşdirilməsi ehtimalını istisna etməyib. O, müzakirələrin detalları barədə məlumat verməsə də, "Heç kim bizə nüvə zərbəsi endirə biləcəyini və cavabsız qalacağını düşünməməlidir", - deyə bildirib.
Avropada ABŞ nüvə bombaları və yeni hüquqi imkanlar
"Soyuq müharibə"dən sonra nüvə arsenalının azaldılmasına baxmayaraq, Avropada ABŞ-yə məxsus təxminən 100 ədəd B61-12 nüvə bombası saxlanılır. dpanın məlumatına görə, bu bombalar NATO-nun "Nuclear Sharing" proqramı çərçivəsində Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyədəki altı hərbi bazada yerləşdirilib.
Litva prezidenti Gitanas Nauseda daha əvvəl bildirib ki, Vilnüs Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda NATO-nun nüvə çəkindirmə sisteminə qoşulmağa hazırdır. Bununla belə, o qeyd edib ki, sülh dövründə Litva ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı hazırda konkret plan yoxdur.
Finlandiyada isə iyunun sonunda atom enerjisi haqqında qanuna dəyişikliklər qəbul edilib. Yeni düzəlişlər ölkə ərazisinə nüvə silahının gətirilməsi və yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldırıb və iyulun 1-dən qüvvəyə minib.