"ABŞ və İsrail İrana yeni zərbələrə hazırlaşır: Tramp qərar verdi, Tehran sərt cavabla hədələyir" - CNN
01 Aug 2026, 17:13 30 baxış 3 dəq oxuma
Vaşinqton və Təl-Əvivin İrana qarşı genişmiqyaslı hərbi əməliyyat planı hazırlayır. Tehran isə cavab olaraq ABŞ və İsrailin enerji obyektlərini vuracağını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ-də İrana qarşı əməliyyat müzakirə olunur
Mətbuata görə, prezident Donald Tramp İrana qarşı hərbi əməliyyatın bərpasına prinsipial razılıq verib. Son qərar hələ verilməsə də, zərbələr yaxın saatlarda və ya günlərdə başlaya bilər. Məlumata görə, Pentaqonun hazırladığı ssenarilər arasında İranın nüvə, raket və enerji infrastrukturlarına zərbələr endirilməsi, həmçinin iki həftə davam edə biləcək bombardman kampaniyası da var. Ağ Ev isə diplomatik irəliləyiş olacağı təqdirdə əməliyyatın son anda dayandırıla biləcəyini istisna etmir.
İsrailin rolu ilə bağlı ziddiyyətli məlumatlar
CBS bildirir ki, İsrail ABŞ ilə əməliyyatı koordinasiya edir və hücumlara qoşula bilər. Bu halda atəşkəsdən sonra ilk dəfə genişmiqyaslı döyüş əməliyyatları yenidən başlayacaq. Lakin CNN fərqli məlumat yayıb. Telekanalın mənbələrinə görə, hazırda İsrailin əməliyyatda birbaşa iştirak edəcəyinə dair heç bir əlamət yoxdur. Bununla yanaşı, son günlər İranın nüvə obyektlərinə, o cümlədən dağ daxilində yerləşən möhkəmləndirilmiş komplekslərə mümkün zərbələrə hazırlığın sürətləndiyi bildirilir.
Tehran cavabla hədələyir, Hörmüz boğazında gərginlik artır
İran ABŞ və İsrailin mümkün hücumlarını "dəli addım" adlandıraraq genişmiqyaslı cavab vəd edib. İranın Fars agentliyi raketlərin hədəfində olan enerji obyektlərinin siyahısını yayıb. Siyahıya İsrailin "Leviafan" və "Tamar" qaz yataqları, eləcə də Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyndəki neft-qaz obyektləri daxil edilib.
Eyni zamanda İran rəsmiləri ABŞ və İsrailin həyati əhəmiyyətli infrastrukturunun hədəfə alınacağını bəyan ediblər.
Bu fonda Hörmüz boğazı yaxınlığında iki tankerə hücum edildiyi bildirilib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, gəmilərdən biri zədələnsə də, ekipaj üzvləri xəsarət almayıb. İran isə Hörmüz boğazının bağlandığını elan edərək, icazəsiz keçməyə çalışan gəmiləri məhv edəcəyi ilə hədələyib.
Neft bazarları və region üçün risk artır
Məlumatda deyilir ki, Vaşinqton mümkün əməliyyatın bazar ertəsi birjalar açılmadan başa çatmasını istəyir. Ağ Ev enerji obyektlərinə zərbələrin dünya neft bazarında ciddi bahalaşmaya və Yaxın Şərqdə müharibənin daha da genişlənməsinə səbəb ola biləcəyindən ehtiyat edir.
ABŞ səfirliyi isə Yaxın Şərqdə yaşayan Amerika vətəndaşlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi və imkan daxilində bölgəni tərk etməyi tövsiyə edib.