“DEVİN MEDİA”-nın rəhbəri Atila Uysal barədə MƏHKƏMƏ prosesi başladı - ÖZƏL
01 Aug 2026, 18:35 33 baxış 4 dəq oxuma
Devin Medianın rəhbəri Atila Uysal filmə çəkdirəcəyini vəd verərək vətəndaşlardan külli miqdarda topladığı pulları yığıb, Azərbaycandan qaçmaq istəyərkən Heydər Əliyev adına Hava Limanında saxlanılıb. Buna səbəb isə Azərbaycan Respublikasının vətəndaşlarını aldatdığı kimi, dövləti də vergidən yayınaraq aldatmaq istəməsi idi ki, hava limanından İstanbula olan uçuşuna icazə verilmədi. Devin Film MMC-nin dövlətə yüksək məbləğdə borcu var. Bu borcun bir hissəsi vergi, bir hissəsi işçilərlə bağlı sosial ödənişlər, digər hissəsi isə icbari tibbi sığorta ödənişləridir. Məhkəmə bildirişinə əsasən, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatında olan e-2-2(4-11)-1055/2026 saylı iş üzrə Dövlət Vergi Xidmətinin Atila Uysalın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə baxılması üçün məhkəmə iclası təyin edilib”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Xəyal Məmmədov bildirib.
O daha sonra əlavə edib:
“Mən Devin Film MMC-də hüquqşünas kimi fəaliyyət göstərdiyim müddətdə şirkətdə qanunvericiliyin tələblərinə uyğun hesab etmədiyim hallarla qarşılaşdığım üçün öz təşəbbüsümlə həmin vəzifədən ayrılmışam. Bu qərarımdan sonra baş verən hadisələr göstərir ki, narahatlıqlarım əsassız olmayıb. Hazırda Dövlət Vergi Xidmətinin müraciəti əsasında Atila Uysalın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi məhkəmə baxışındadır. Bundan əlavə, şirkətin vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta üzrə dövlət qarşısında öhdəliklərinin mövcudluğu barədə rəsmi məlumatlar ictimaiyyətə açıqlanıb. Əgər bir şirkət öz işçilərinin sosial ödənişlərini, dövlət qarşısındakı maliyyə öhdəliklərini və qanunvericilikdən irəli gələn vəzifələrini yerinə yetirmirsə, bu, artıq təkcə kommersiya məsələsi deyil, hüquqi məsuliyyət doğuran ciddi məsələdir. Mən dəfələrlə qanunun aliliyinin təmin olunmasının vacibliyini bildirmişəm və hesab edirəm ki, bu iş üzrə bütün faktlar tam, obyektiv və hərtərəfli araşdırılmalı, qanun pozuntusu müəyyən edilərsə, məsul şəxslər qanun qarşısında cavab verməlidirlər. Heç bir şəxs və ya şirkət qanundan üstün ola bilməz. Eyni zamanda vurğulamaq istəyirəm ki, vətəndaşlardan pul alınması, dövlət qarşısında öhdəliklərin yerinə yetirilməməsi və bu məsələlərlə bağlı aparılan hüquqi proseslər cəmiyyət üçün ciddi siqnaldır. Zərərçəkmiş şəxslərin hüquqları tam bərpa edilməli, dövlətin maliyyə maraqları təmin olunmalı və məhkəmə qərarları tam icra edilməlidir. Mən hüquqşünas kimi bu prosesi diqqətlə izləyəcək, zərərçəkmiş şəxslərin qanuni hüquqlarının müdafiəsi istiqamətində hüquqi dəstəyimi davam etdirəcəyəm”.