“Heç nəyə heyfislənmirəm. Həyat mənə nə veribsə hər şeyə görə şükür edirəm. Heyfislənməyə heç nə yoxdur. Ola bilsin ki, bəlkə də mən qarşımda qoyulan planların hamısını yerinə yetirsəydim, həyatım onda daha yaxşı olardı. Allahın göndərdiyi hər günə, hər saata, hər dəqiqəyə, hər saniyəyə şükür edirəm”
 




Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, diktor Tamilla Ələkbərova deyib. O daha sonra televiziyadakı çatışmazlıqlardan danışıb:

“Televiziyada dəyişikliklər olmalı idi. Bunun vaxtı çatmışdı. Amma əyləncəli və musiqili proqramlarda da olmalıdır.  Hər şeyin dərəcəsi var. Biz çərçivə içərisində işləmişik. Bizə icazə verməyiblər ki, mətndən kənar nəsə deyək. Heç vaxt olmayıb. Amma yaxşı aparıcılara meydan vermək lazımdır. Bir də mənim ağrılı yerim bilirsiniz nədir? Ağrılı yerim odur ki, açıq-saçıq geyinmək bizim mentalitetimizə uyğun deyil. Biz azərbaycanlıyıq. Demirəm ki, üstlərini örtüb-bağlasınlar, yox. Bir balaca hardasa açıq yer olmalıdır. Amma bu həddini aşanda, çox qısa və açıq geyimlər geyinəndə vulqar görünür. Mən çox əsəb keçirirəm. Ola bilər ki, mən geridə qalmışam, amma hər şey qaydasında olsaydı daha yaxşı olardı. Təəssüflər olsun ki, qayda-qanun yoxdur. Ona görə də hərc-məclikdir, ağızlarına nə gəlirsə danışırlar. Mən bunları görmək istəmirəm. Ona görə də çalışıram bəzi verilişlərə heç baxmayım” deyə o bildirib.
 
Tamilla Ələkbərova efirdən uzaqlaşdırılan bəzi aparıcılardan və verilişlərdən də danışıb:
 
“Bəzi aparıcıları kanallardan uzaqlaşdırıblar. Bu da düzgün deyil. Düzdür, onlar da dəvət etdikləri qonaqların, kobud da çıxsa cilovlarını çəksəydilər, bu vəziyyət yaranmazdı. Bəlkə də buna görə kanalların bəzi verilişlərini bağladılar. Amma bəzilərinə görə təəssüflənirəm. Çünki bizim millət elə verilişlərə baxmağa öyrəşib” deyə diktor bildirib.